Günvurma ölümlə nəticələnə bilər – XƏBƏRDARLIQ!
Sağlamlıq
14.07.2025 16:09
Yay mövsümündə ən ciddi sağlamlıq risklərindən biri günvurma hadisələridir. Xüsusilə çimərliklərdə, günəş altında uzun müddət qalan insanlarda bu hal tez-tez müşahidə olunur.
Həkim-terapevt Şahvələd Məmmədov mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, insanlar günəş vannası qəbul edərkən sağlamlıqlarını təhlükəyə ata bilərlər.
“Bəzən insanlar yarım saatdan bir saata qədər birbaşa günəş şüaları altında qalırlar ki, bu da ağır fəsadlara yol aça bilər. Günvurmanın yüngül, orta və ağır olmaqla müxtəlif dərəcələri var. Yüngül günvurma hallarında soyuq su ilə yuyunmaq və kölgəli bir məkana çəkilmək kifayət edə bilər. Orta dərəcəli hallarda isə ürəkbulanma, qusma, baş ağrısı və yüksək temperatur müşahidə olunur. Bu zaman qızdırmaya qarşı simptomatik müalicə, maye qəbulu və ya infuzion terapiya (sistem köçürülməsi) tövsiyə olunur. Ən təhlükəlisi ağır günvurma hallarıdır ki, bu, bəzən ölümə belə səbəb ola bilər".
Həkimin sözlərinə görə, xüsusilə ürək-damar xəstəlikləri olanlar, hipertoniya xəstələri üçün günəş altında uzun müddət qalmaq tövsiyə edilmir.
Şahvələd Məmmədov yay aylarında xüsusilə günorta saatlarında açıq havada gəzərkən ehtiyatlı olmağı, baş örtüyü və qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görüb.
Türkan İsgəndərli
tag: Günvurma,Xəbərdarlıq,Mövsüm,Yay,Todaypress.tv,
