Paxıl olmaq pisdirmi? - Orxan Saffari yazır…
Mədəniyyət
03.09.2025 09:34
Əksər insanların, elə bəlkə də, istisnasız olaraq hamının dilində zamanla “Paxıllıq pisdir, paxıl insan, insan gərək paxıl olmasın” kimi hökmlü ifadələr yer alır.
Bəs doğrudan da belədirmi?
Bəlkə, bu təbii hissin adına bu cür kobud intonasiya ilə səslənilir deyə pis qəbul edilir? Pis mənalandırmasaq hansı tərəfləri var?
Paxıllıq əslində nədir?
Ümumiyyətlə, insanın paxıl olmaması mümkünsüzdür. “Mən paxıl deyiləm, heç vaxt heç kimə paxıllıq etməmişəm” kimi müdafiə mexanizmləri ən yaxşı halda özünü aldatmaq, mövcud hisslərlə barışmamağa çalışmaqdır. Axı insan bütünlükdə sevgidən ibarət ola bilməz. Sevgi hissi varsa, nifrət də var. Heyranlıq varsa, paxıllıq da var.
İnsan təbiət etibarı ilə daim çoxa meyl edirsə və bu çox başqasında varsa, paxıllığın yaranmaması, “niyə mənim yoxdur?” düşüncəsinin olmaması qeyri-mümkündür.
“Niyə mənim yoxdur?” sualı özlüyündə adətən, pis təsnif edilir, ancaq bu sual əslində, insanın varlığını özünə xatırladır və imkanlarının sərhəddini müəyyən edir. Yəni, şablon olaraq desək, paxıllıq inkişafa aparır. Əlbəttə, nifrətə çevrilmirsə.
Bu baxımdan paxıllıq hissinin iki cür olduğunu demək mümkündür:
Destruktiv: nifrət, kin, sabotaj.
Konstruktiv: rəqabət, öyrənmək, çalışmaq.
Yox, əgər birdən nifrətə çevrilərsə necə?!
O zaman bu hər kəs üçün fərdi qiymətləndirilməlidir.
Nifrətli “niyə məndən yoxdur?” düşüncəsi bəzən eqoizmə, əlavə güc qazanmağa aparırsa, bəzən də insanı məhv edir. Nifrətli paxıl adam elə bilir, qonşusunun ayağı sınsa, özü daha yaxşı yeriyər.
Yumşaq ifadə etmək lazım gələrsə, paxıllıq, əslində, başqalarında olanla özünü müqayisə etməkdir, özünə güzgü tutmaqdır, kimliyini və kim olmaq istədiyini, nəyə can atdığını bilməkdir.
Paxıllıq eyni zamanda başqalarının köməkliyi ilə özünü tanımaqdır.
İnsan paxıllıq etməklə həm də nə istədiyini öyrənə bilir.
Dolayısı ilə, insan həqiqətən də paxıl olmasaydı, özündəki çatışmazlığı, natamamlığı görə və tanıya bilməzdi.
Orxan Saffari
tag: Paxıllıq,Paxıl olmaq pisdirmi?,Köşə,Düşüncə,Todaypress.tv,