Naxçıvanda Ubeyd mədəniyyətinə aid maddi nümunələr aşkarlandı

Mədəniyyət

10.06.2025 23:15

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəli oğlu Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası mayın 19-dan etibarən arxeoloji qazıntılara başlayıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən TodayPress TV-ə verilən məlumata görə, Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri aşkar olunub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olub. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.

tag: Naxçıvan, AMEA, Tapıntı, Arxeloji, todaypress.tv,