Aybəniz Haşımova: "Arif Babayev bizim atamız idi"

Mədəniyyət

01.08.2025 14:31

"Arif Babayev mənim müəllimim, ustadım idi".

TodayPress TV xəbər verir ki, bu sözləri mərhum sənətkar Xalq artisti Arif Babayevin dəfn mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib.

O xatırladıb ki, 1984-cü ildən Şövkət Ələkbərova ilə eyni gündə Arif Babayev onlara dərs deməyə başlayıb: 

"Arif müəllim məktəbimizə gəlməmişdən əvvəl sinfimiz Şövkət xanımın rəhbərliyi ilə davam edirdi. Amma Arif müəllim gələndən sonra sanki sinfimizin atası gəldi".

Əməkdar artist sənətkarın ölümünü insanın valideynlərini itirməsinə bənzədib. 

"Arif müəllim çox böyük sənətkar idi və indi də onu hər kəs sevir. İnsan valideynlərini itirəndə uşaqlaşırmış, yetim qalırmış... Mən artıq bir neçə gündür ki, belə bir hissin içindəyəm".

A.Həşimova Arif Babayevlə sonuncu dəfə 3 gün əvvəl görüşdüyünü bildirib:

"Ona çox yalvardım ki, bəlkə ayılar. Demək, bu, onun qədərinə yazılıbmış".

Qeyd edək ki, Xalq artisti Arif Babayev avqustun 1-də dünyasını dəyişib. 

Qiymət Mahir

tag: Arif Babayev,Vəfat,Aybəniz Haşımova,Açıqlama,Todaypress.tv,