Türk dili ilə bağlı yarışma keçirilir: Qaliblərə 600 minlik mükafat veriləcək

Maraqlı

11.06.2025 15:55

TEKNOFEST çərçivəsində Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vakfı) tərəfindən Türk dilinin təbii dil emalı yarışması təşkil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Yarışma çərçivəsində iştirakçılardan türk dilində mətnlərin işlənməsi üçün istifadəçi dostu və yüksək performanslı kitabxanalar üçün məlumat bazalarının hazırlanmasına töhfə vermələri gözlənilir.

Vəqfdən verilən açıqlamaya görə, yarışmanın məqsədi Türk dilinin təbii dil emalı sahəsində ictimai maarifləndirməni artırmaq və bu sahədə layihələrin təşviq olunmasıdır.

Yarışmaya orta məktəb, bakalavr, magistr və doktorantura səviyyəsində təhsil alanlar və məzunlar qatıla bilər. 18 yaşdan aşağı iştirakçılar isə müsabiqəyə bir məsləhətçi müşayiəti ilə qoşula bilərlər.

İki kateqoriyada keçiriləcək yarışma — “Sərbəst Kateqoriya” və “Ssenari Kateqoriyası” üzrə təşkil olunacaq. “Ssenari Kateqoriyası” çərçivəsində “Yaradıcılıq qabiliyyətinə malik süni intellekt dəstəklı avtonom çağrı mərkəzi” mövzusunda layihələr təqdim ediləcək.

Yarışmaya müraciətlər 15 iyun tarixinədək qəbul edilir.

Hər iki kateqoriyanın qaliblərinə müvafiq olaraq birinci yerə 120 min lirə (10,500 Azərbaycan manatı), ikinci yerə 100 min lirə (8,750 manat), üçüncü yerə isə 80 min lirə (7 min manat) mükafat təqdim olunacaq. Ümumilikdə qaliblərə 600 min lirəlik (52,500 manat) mükafat fondu ayrılıb.

Yarışma Türk dilində təbii dil emalı sahəsində innovativ layihələrlə maraqlanan bütün şəxslər üçün açıqdır.

Töhfə Səməd

tag: TEKNOFEST ,Türkiyə,T3 Vakfı,Yarışma,Türk dili,todaypress.tv,