Optimistlərin beyinləri gələcəyi oxşar şəkildə təsəvvür edir

Maraqlı

24.07.2025 18:15

Yaponiyada aparılan yeni elmi araşdırma optimist insanların beyinlərinin gələcəklə bağlı düşünərkən oxşar şəkildə işlədiyini ortaya qoyub.  

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. 

Portalın məlumatına görə, araşdırmada 87 iştirakçı yer alıb. Əvvəlcə onların optimistlik səviyyəsi xüsusi sorğu vasitəsilə qiymətləndirilib. Daha sonra iştirakçılar maqnit rezonans tomoqrafiyası (MRT) cihazına yerləşdirilərək gələcəklə bağlı müsbət, mənfi və neytral hadisələri təsəvvür etmələri istənilib. Bəzi iştirakçılardan isə ölüm mövzulu ssenarilər barədə düşünmələri xahiş olunub. 

MRT nəticələri göstərib ki, optimist insanlar gələcək barədə düşünərkən bənzər zehni mexanizmlərdən istifadə edirlər. 

“Optimistlər gələcəklə bağlı düşüncələrini təşkil edərkən eyni ideyaları deyil, oxşar zehni işləmə çərçivələrini istifadə edirlər. Bu, onların müsbət və mənfi ssenariləri ayırd etmək qabiliyyətini gücləndirir və stresə qarşı daha davamlı olmalarına kömək edir”, - deyə araşdırmanın aparıcı müəllifi Yanagisava Kuniaki qeyd edib. 

Tədqiqatçılar həmçinin bildiriblər ki, optimizmin beyin fəaliyyəti ilə əlaqəli mexanizmlərinin öyrənilməsi gələcəkdə psixoloji sağlamlıq sahəsində yeni yanaşmaların inkişafına zəmin yarada bilər. 

Aysel Mətləb

tag: Yaponiya,Optimist,Gələcək,Alim,Todaypress.tv,