Hansı ad sahiblərinə iş tapmaq daha asandır? - Alimlər açıqladı
Maraqlı
01.09.2025 19:45
Kanada və ABŞ-dən olan tədqiqatçılar adların səslənməsinin işə qəbul prosesində işəgötürənlərin qərarına təsir edə biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, araşdırma “Acta Psychologica” jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, bu, “səs simvolizmi” adlanır. Müəyyən səslər insanlarda konkret xüsusiyyətlərlə assosasiya olunur. Məsələn, “yumşaq” səslərə malik adlar daha isti və mülayim xarakterlə bağlanır. Əksinə, “sərt” səslənən adlar enerjili və ünsiyətcil kimi qəbul edilir.
Araşdırmada iştirakçılara müxtəlif vakansiyalar təqdim olunub. Daha sonra onlardan iki namizəddən birini seçmək istənilib: biri “yumşaq” səslənən, digəri isə “sərt” səslənən ada sahib olub.
Məlum olub ki, mehribanlıq tələb edən peşələrdə “yumşaq” adlara üstünlük verilib, güc və liderlik tələb edən sahələrdə isə “sərt” adlar seçilib.
Bununla belə, alimlər bildiriblər ki, adların səslənməsi ilə insanın real xarakteri arasında heç bir elmi əlaqə yoxdur. Bu effekt yalnız namizəd haqqında məlumat az olduqda işləyir. Foto və ya müsahibə təqdim edildikdə adın təsiri aradan qalxır.
Mütəxəssislər hesab edirlər ki, bu cür assosiasiyalar əmək bazarında gizli diskriminasiya amillərindən biri ola bilər.
Aysel Mətləb
tag: Ad,Sahibi,İş,Səs simvolizmi,Todaypress.tv,