"Asteroid 2025 US6" ilə bağlı bütün məlumatlar açıq bazadan yoxa çıxdı

Maraqlı

28.10.2025 19:45

ABŞ-nin Aeronavtika və Kosmos Agentliyi (NASA) Moskva və Moskva ətrafında müşahidə edilən parlaq bolidlə əlaqəli ola biləcək "2025 US6" adlı asteroid haqqında məlumatı açıq mənbələrdən çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyası (XRAS) öz “Telegram” kanalında məlumat yayıb.

Laboratoriyanın açıqlamasına görə, hadisədən əvvəl asteroidin trayektoriyası və texniki göstəriciləri NASA-nın rəsmi kataloqunda açıq şəkildə yerləşdirilmişdi. Lakin hazırda həmin məlumatlar nə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) bazasında, nə də Avropa Kosmik Agentliyinin güzgü resurslarında mövcuddur.

Elmi hesablamalara əsasən, təxminən iki metr diametrli kosmik cisim 28 oktyabrda Yerə 150 min kilometr məsafədən keçməli idi. Mütəxəssislər Moskva üzərində bu gün müşahidə edilən parlaq hadisənin həmin cisimlə əlaqəli ola biləcəyini istisna etmirlər.

Xatırladaq ki, 27 oktyabr axşamı Moskva səmasında parlaq işıq zolağı müşahidə edilib. Rusiya Elmlər Akademiyasının alimləri bunun yüksək sürətlə (14–30 km/saniyə) hərəkət edən asteroid ola biləcəyini bildiriblər. Onların sözlərinə görə, bu tip cisimlər adətən atmosferdə qısa müddət qalır və tez yanır.

Bundan başqa, müşahidələr zamanı obyektin intensiv şəkildə parçalandığı qeyd olunub ki, bu xüsusiyyət daha çox süni (texnogen) obyektlərə xas sayılır.

Qeyd edək ki, daha əvvəl Çində 40 atom bombasına bərabər gücə malik asteroid toqquşması nəticəsində böyük krater aşkarlanmışdı.

Qiymət Mahir

TodayPress TV

tag: Asteroid 2025 US6,NASA,ABŞ,Rusiya,Todaypress.tv,