Almaniyada qədim yaşayış məskəni aşkar edildi

Maraqlı

24.07.2025 14:09

Almaniyanın Volmirştedt şəhərində arxeoloqlar 332 tikilidən ibarət tunc dövrünə aid yaşayış məskəninin izlərini aşkar ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Brujula Verde” portalı məlumat yayıb. 

Qazıntılar göstərib ki, burada 3 min ildən çox əvvəl yaşayış olub.

Hazırda ərazidə rəsmi qurumlarla birgə qazıntılar davam etdirilir. Bugünə qədər bütün ərazinin təxminən 5-də 1-i tədqiq olunub, 322 arxeoloji sahə qeydə alınıb. Keramika parçaları və tunc üzüklərdən tutmuş ev heyvanlarının sümüklərinə qədər mindən çox artefakt aşkar edilib. 

Arxeoloqlar yeraltı emalatxanaların birində şaquli toxuculuq dəzgahına aid əşyalar aşkarlayıblar. Bu da ərazidə yerli tekstil istehsalının mövcud olduğunu göstərir. Əlavə olaraq, ən azı 6 metr uzunluğa və 4 metr enə malik bir binanın qismən bərpasına nail olunub. 

Ən maraqlı və qeyri-adi tapıntılardan biri isə soba kimi istifadə olunduğu ehtimal edilən çuxurda aşkarlanan Avropa gölməçəsi tısbağasına aid qabıq olub. Mütəxəssislər bildirirlər ki, bu bölgədə ilk dəfə olaraq tısbağanın yemək məqsədilə istifadə edildiyini göstərə bilər. 

Alimlərin diqqətini ən çox cəlb edən tapıntı isə qeyri-adi bir dəfn olub. Keçmiş zibil quyularından birində başı yana çevrilmiş və bədəni əyilmiş vəziyyətdə uzanan, təxminən 170 sm boyunda güclü bir insana aid skelet tapılıb. Bu cür dəfn tərzi həmin dövrün adət-ənənələrinə və dəfn praktikalarına ziddir. Tədqiqatçılar bunun ritual xarakterli basdırılma, ikinci mərhələli dəfn və ya şəxsin sosial statusuna işarə ola biləcəyini düşünürlər. 

Aysel Mətləb

tag: Almaniya,Tunc dövrü,Yaşayış məskəni,Sümük,Todaypress.tv,