Mərkəzi Bank “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələdi

Maliyyə

13.06.2025 16:47

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” və onun məsul şəxslərini cərimələyib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.

Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.

tag: Mərkəzi Bank,Fond,Birja,Cərimə,Todaypress.tv,