Yaponiyadan məhsul alışı 51%-dən çox artdı

İqtisadiyyat

11.06.2025 12:55

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Yaponiya arasında ticarət əməliyyatlarının həcmi 131,390 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 42,1 milyon ABŞ dolları və ya 47,1% çoxdur. Hesabat dövründə Yaponiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,78%-i həcmində olub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Yaponiyaya 4,640 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 1 milyon ABŞ dolları və ya 18% azdır.

Həmçinin, 2025-ci ilin yanvar-aprel aylarında Yaponiyadan Azərbaycana 126,750 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 43,1 milyon ABŞ dolları və ya 51,5% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.

Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

tag: Azərbaycan,Yaponiya,Məhsul,Artım,Todaypress.tv,