Süni intellekt yaşıl işıq yandırdı – Bəla, yoxsa qurtuluş? - VİDEO

İqtisadiyyat

12.09.2025 17:50

Son illər süni intellekt həyatımızın ayrılmaz parçasına çevrilib. 

Süni intellekt artıq bir çox sahələrdə insan əməyini tam əvəz edə bilir. Bu isə öz növbəsində bəzi peşə sahiblərində işlərini itirməklə bağlı ciddi narahatlıq yaradır. 

Maraqlıdır, əmək bazarının süni intellekt tərəfindən dəyişdirilməsi gələcəkdə daha çox hansı peşələrə təsir edəcək? 

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı TodayPress TV-yə danışıb.


O, bu barədə deyib:

"Tarixən həmişə müəyyən peşələr sıradan çıxır, yeni peşələr yaranır. Süni intellekt də istisna deyil. Süni intellektin ən çox təsir edəcəyi məsələlər idarəetmənin konsepsiyasının dəyişməsidir. Çünki süni intellektin analitik qabiliyyətləri analitik qrupların sıradan çıxmasına səbəb olur. Yəni süni intellekt artıq insanların verdiyi sualların həll yollarını daha asan və ucuz formada şirkətlərə təqdim etməyi bacarır. Hətta gələcəkdə süni intellekt vasitəsilə (sürücüsüz) idarə olunan avtomobillərə keçid olsa, taksilərin sürücülərinin peşəsində də müəyyən dəyişikliklər olacaq. Bir çoxları sıradan çıxacaq".

“Elə sahələr var ki, bunlar ənənəvidir və uzunmüddətlidir”

Ekspert hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə belə, hər bir halda gələcəkdə insan əməyinə ehtiyac duyulacaq:

"Dövlət sektorunda çalışan sahələrə baxdıqda, məsələn, müəllim, polis, prokurorluq kimi sahələri süni intellekt heç vaxt əvəz edə bilməz. Yəni biz süni intellektin əvəz etdiyi polis xidməti görməyəcək, nefti süni intellekt heç vaxt çıxartmayacaq və yaxud da xarab olmuş avadanlığı süni intellekt heç vaxt təmir etməyəcək. Elə sahələr var ki, bunlar ənənəvi və uzunmüddətlidir. Bir növ, hətta biz keçmişə qayıtmalı olacağıq. Məsələn, aqrar sektorda süni intellektdən istifadə ancaq analizlərin aparılmasına, müəyyən sahələrdə hansısa bir analitik məhsullarının alınmasına xidmət edə biləcək. Amma qarğıdalını, buğdanı, kartofu, süni intellekt əkməyəcək".

Bəs təhsil sahəsində bu istiqamətdə hansı addımlar atılmalıdır? 

İşsizlik kimi mövcud təhlükənin qarşısını almaq üçün əmək bazarına kadr yetişdirən ali təhsil müəssisələrində hansı ixtisasların tədrisinə başlanılmalıdır?

Təhsil eksperti Elşən Qafarov da bu barədə fikirlərini TodayPress TV ilə bölüşüb: 


"Ölkəmizin ayrı-ayrı ali məktəblərində də müsahibə, ixtisaslı kadrların hazırlanması prosesi var. Eyni zamanda, xaricdə təhsilə üz tutmağa görə istər dövlət proqramı ilə, istərsə də şəxsi imkanları hesabına gedənlərin arasında da məhz bu sahəyə üstünlük verənlərin sayı çoxdur. Yaxın gələcəkdə İKT əsaslı ixtisasların sayının artması cəmiyyətdə və bütün peşə sahələrində İKT-nin daha geniş tətbiqinə gətirib çıxaracaq". 

Belə qənaətə gəlmək olar ki, çağdaş dövrdə süni intellekt həm fürsət, həm də təhlükəlidir. İnsanlar onunla rəqabət aparmaq əvəzinə əməkdaşlıq etməyi öyrənsələr, daha çox uğur və qazanc əldə edə bilərlər. Texnologiya ilə müharibə aparan insanın qalib gəlməsi isə bir qədər mübahisəli məsələdir.

Türkan İsgəndərli / Ziyafət Əlisoy

TodayPress TV


tag: Natiq Cəfərli,İqtisadçı,Elşən Qafarov,Ekspert,Todaypress.tv,