Qlobal maliyyə sistemində parçalanma: Azərbaycan üçün nəsə dəyişəcək?

İqtisadiyyat

19.09.2025 10:39

“ABŞ və Çin arasında olan geosiyasi rəqabət fonunda ölkələr öz maliyyə infrastrukturlarını, ödəniş sistemlərini alternativ yollarla qurmaq istəyirlər”.

İqtisadçı Eldəniz Əmirov bunu TodayPress TV-yə şərh edərkən bildirib.

“Lakin bunu bacarmırlar”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, yaxın onilliklər ərzində ABŞ-nin milli valyutası olan dollar dünya pulu statusunu qoruyub saxlayacaq və aparıcı valyutalar arasında lider mövqeyini itirməyəcək. Digər valyutalar isə hazırkı mövqelərini uzun müddət ərzində qorumağa davam edəcəklər.

“Eyni zamanda, ölkələr öz ödəniş sistemlərini alternativ yollarla qursalar da, qurmasalar da, bu, nə onların milli iqtisadiyyatına, nə də qlobal iqtisadi sistemə müsbət və ya mənfi təsir göstərəcək səviyyədə olmayacaq”, - deyə ekspert vurğulayıb.

Bəs Azərbaycan alternativ maliyyə sistemlərini yaratmaqla iqtisadiyyatına nə verə bilər?

“İqtisadi inkişafın əsas şərti aktivlik və yaradılan dəyərdir”

E.Əmirov izah edib ki, bu cür addımlar daha çox formal xarakter daşıyır. Məsələn, fiziki manatın rəqəmsal manat və ya elektron pulla əvəz olunması iqtisadiyyat üçün ciddi dəyişiklik yaratmır. Çünki iqtisadi inkişafın əsas şərti aktivlik və yaradılan dəyərdir. 

Onun sözlərinə görə, elektron, fiziki və rəqəmsal valyutalar dəyərin ölçü vahidi və ödəniş vasitəsi kimi çıxış edir. Onların öz funksiyaları mövcuddur, lakin bu funksiyalar iqtisadiyyatda fundamental dəyişikliklərə səbəb olmur. Belə təşəbbüslər, yəni alternativ maliyyə və ödəniş sistemlərinin tətbiqi iqtisadiyyat üçün ciddi yenilik və ya effekt yaratmır.

“Əksinə, bu sistemlər düzgün işləmədikdə böyük mənfi nəticələr doğura bilər. Lakin sistemlər mükəmməl işlədikdə belə, bu, iqtisadi inkişaf üçün kifayət etmir. Çünki iqtisadi artımı təmin edən əsas amillər tamamən fərqli faktorlarla bağlıdır. Yəni ki, ödəniş və maliyyə sistemləri ideal vəziyyətdə olsa belə, bu, təkbaşına iqtisadi inkişafı təmin edə bilmir”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, qlobal maliyyə sistemlərində parçalanma müşahidə olunur. Sanksiyalar, ticarət münaqişələri və ABŞ-Çin geosiyasi rəqabəti fonunda ölkələr maliyyə infrastrukturlarını, ödəmə sistemlərini alternativ yollarla qurmaq istəyirlər.

Aysel Mətləb

tag: Eldəniz Əmirov,Ekspert,Maliyyə,Azərbaycan,Todaypress.tv,

photo