Kartdan karta köçürmələrdə komissiya niyə yüksəkdir?

İqtisadiyyat

29.10.2025 17:41

Kartdan-karta ödəniş üsulu demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin istifadəçilər bu zaman çıxılan komissiya faizlərindən narazılıq edirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, kart əməliyyatları banklar arasında həyata keçirilən tranzaksiya növüdür və bu, xərcli proses sayılır.

Onun sözlərinə görə, banklar bu proses zamanı həm daxili, həm də xarici faktorların yaratdığı xərclərlə üzləşirlər:

"Birincisi, bu əməliyyatlara sərf olunan əmək resursudur. İkincisi isə, tranzaksiyaların həyata keçirilməsi məqsədilə istifadə olunan xidmətlərdir. Bu xidmətlər Azərbaycanda əsasən Visa və MasterCard tərəfindən təklif olunur. Banklar kart əməliyyatlarını müştərilərinə xərcsiz təqdim etdiklərindən yaranan xərci digər məhsullar və banklararası əməliyyatlar üzərindən kompensasiya etməyə çalışırlar".

İqtisadçı vurğulayıb ki, banklar bu istiqamətdə faizləri öz siyasətlərinə əsasən müəyyən edirlər:

"Sərbəst, liberal bazar şəraitində hər bir bank öz strateji inkişaf planına uyğun olaraq kart əməliyyatları üçün komissiya dərəcələrini müəyyən edir. Bank nə qədər çox müştəriyə xidmət göstərirsə, xarici təchizatçılardan aldığı xidmətlərin qiyməti bir o qədər aşağı olur. Bu da banklara daha aşağı faiz təklif etmək imkanı yaradır", - deyə Rəşad Həsənov əlavə edib.

Qeyd edək ki, kartdan-karta köçürmə zamanı tətbiq olunan komissiya məbləği müəyyən edilən limitdən asılı olaraq dəyişir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rəşad Həsənov,Ekspert,Kart,Köçürmə,Todaypress.tv,

photo