Dünya bazarında qızılın qiymətinin artım səbəbi nədir?
İqtisadiyyat
09.09.2025 16:22
Hazırda dünya bazarında qızılın qiymətində artım müşahidə olunur. Belə ki, tarixdə ilk dəfə qızılın bir unsiyasının qiyməti 3600 dolları keçib.
İqtisadçı Elman Sadıqov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu prosesin bir neçə əsas səbəbi var.
Onun sözlərinə görə, ilk növbədə qlobal qeyri-müəyyənliklər, ABŞ-də Federal Ehtiyatlar Sisteminin prezidentin təzyiqi altında müstəqilliyini itirmə ehtimalı, dolların inflyasiyası, yüksək likvidliyin maliyyə bazarlarından qızıla yönəlməsi və mərkəzi bankların alışlarını artırması qiymət artımını şərtləndirir:
"Qızıl istehsalçısı olan ölkələr bundan fayda görürlər. Amma qızıl idxal edən ölkələrdə bu, valyuta axınının artmasına səbəb olur. Azərbaycan həm qızıl istehsalçısı, həm də idxalçısıdır. “AzərGold” qızıl hasil edib külçə və sikkə şəklində bazara çıxarır ki, bu da ölkəyə valyuta axını deməkdir. Lakin idxal da davam edir və qiymət artımı ölkədən daha çox valyuta çıxışına gətirib çıxarır".
İqtisadçı əlavə edib ki, bahalaşmanın ölkə iqtisadiyyatına birbaşa təsiri daha çox ticarət və tədiyə balansı üzərindən nəzərə çarpır:
"Qızıl bahalaşdıqca daxili tələbat azalır, çünki alıcılıq qabiliyyəti məhdudlaşır. İnflyasiyaya isə birbaşa təsiri minimumdur. Azərbaycanda inflyasiya təzyiqi daha çox başqa amillərlə bağlıdır. Amma dolayı təsir də var. Qızılın artımı gümüş və digər qiymətli metallarda da bahalaşmanı stimullaşdırır. Bu metallar əsasən sənayedə istifadə olunduğu üçün, onların qiymət artımı idxal inflyasiyası şəklində ölkəmizə ötürülür".
Elman Sadıqov qeyd edib ki, qızılın bahalaşması ölkələrə fərqli təsir göstərir. Ona görə də qızılın birbaşa təsiri dedikdə ticarət balanslarına baxmaq lazımdır. Dolayı təsiri dedikdə isə idxal inflyasiyasında qiymətli metalların çəkisinin ölçülməsi vacib məsələlərdən biridir.
Türkan İsgəndərli
tag: Elman Sadiqov,İqtisadçı,Qızıl,Bahalaşma,Todaypress.tv,