Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?
İqtisadiyyat
13.10.2025 14:13
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə bütün növ qiymət artımlarını qadağan edən qərar imzalayıb və sənədin dərhal qüvvəyə mindiyini bəyan edib.
Dövlət başçısının sözlərinə görə, bu addımın əsas məqsədi inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi qorumaqdır.
Bəs belə bir inzibati qərar Azərbaycanda da tətbiq oluna bilər?
İqtisadçı Elçin Rəşidov TodayPress TV-yə açıqlamasında bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun istənilən qiymət artımını qadağan edən qərarı qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün zərərlidir.
Onun sözlərinə görə, belə inzibati qərarlar ilkin mərhələdə inflyasiyanın qarşısını alır və alıcılar qiymətlərin artmadığını hiss edirlər. Lakin bu tədbirlər uzunmüddətli dövrdə iqtisadiyyatı kiçildir, istehsala, ticarətə və ümumilikdə bazar mexanizminə mənfi təsir göstərir:
"İqtisadiyyatda qiymətlər tələb-təklifə uyğun formalaşmalıdır. İnflyasiyanı inzibati yolla deyil, Mərkəzi Bankın faiz dərəcəsi siyasəti və digər makroiqtisadi alətlərlə tənzimləmək lazımdır. Belə olduqda, inflyasiya ilə əmək məhsuldarlığı arasında balans qorunur".
İqtisadçı əlavə edib ki, qiymət artımını inzibati yolla məhdudlaşdırmaq bazar mexanizmini pozur və istehsalçı ilə ticarətçinin fəaliyyətinə zərbə vurur:
"Qiymətlər mövsümdən, təklif və xammal amillərindən asılı olaraq dəyişməlidir. Bu cür müdaxilələr sektorları sıradan çıxara bilər. Əks halda, istehsalçı və ticarətçinin bazarı ölür. Yəni bu sektorda qiymətlər mövsümə görə dəyişməlidir. Belə addımların daha bir mənfi nəticəsi qara bazarların formalaşması və məhsul çatışmazlığıdır. Bu isə növbələrin yaranmasına, qeyri-rəsmi əməliyyatların artmasına, korrupsiya hallarının çoxalmasına və işsizliyin yüksəlməsinə gətirib çıxaracaq. Belarusda baş verən proseslər nəticəsində valyutanın dəyərdən düşməsi, qiymətlərin artması və əhalinin rifahının pisləşməsi qaçılmaz olacaq".
Elçin Rəşidov vurğulayıb ki, eyni addım Azərbaycanda tətbiq olunsa, nəticələr eynilə Belarusdakı kimi olacaq. Buna görə də o, bu addımı düzgün hesab etmir.
Mütəxəssisin fikrincə, Lukaşenkonun qərarı populist xarakter daşıyır və uzunmüddətli dövrdə davamlı ola bilməyəcək:
"İnanmıram ki, Belarus hökuməti bu qərarın arxasında uzun müddət dayana bilsin. Real bazar təzyiqləri onları düzgün iqtisadi siyasətə qayıtmağa məcbur edəcək", - deyə Elçin Rəşidov fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Elçin Rəşidov,İqtisadçı,Qiymət artımı,Qadağa,Todaypress.tv,
