Azərbaycanda balıq niyə bahalaşıb? - İqtisadçı səbəbləri açıqladı
İqtisadiyyat
08.09.2025 15:56
"Azərbaycanda balıq qıtlığı və qiymətlərin artmasının bir neçə əsas səbəbi var. Burada həm təbii ehtiyatların azalması, həm də idxaldan asılılıq mühüm rol oynayır".
İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatı azalıb.
"Həddindən artıq ovlama, brakonyerlik, iqlim dəyişikliyi və çirklənmə nəticəsində bazara çıxarılan balığın miqdarı azalır. Tələb çox, təklif isə az olduğundan qiymətlər qalxır".
İqtisadçı əlavə edib ki, Azərbaycanda istehlak edilən balığın böyük hissəsi idxaldan asılıdır:
"Norveçdən qızılbalıq, Rusiyadan siyənək və digər ölkələrdən dondurulmuş balıq gətirilir. Xaricdə qiymət bahalaşanda və ya logistika xərcləri artanda, bu, daxili bazara da təsir edir. Balıq təsərrüfatlarının zəif inkişafı da bazarda boşluq yaradır. Daxili istehsal tələbatı ödəmədiyindən, bazarda da idxaldan asılılıq artır. Ən real ucuzlaşma mənbəyi akvakulturadır. Əgər bu sahə inkişaf etsə, 2-3 ilə bazara təsiri görünə bilər".
Ekspert onu da vurğulayıb ki, qiymətlərin qısa müddətdə ucuzlaşması gözlənilmir:
"6-12 ay ərzində qiymətlərdə azalma ehtimalı yoxdur, hətta bahalaşma davam edə bilər. 2-3 ilə balıq təsərrüfatlarının inkişafı və idxal mənbələrinin şaxələndirilməsi qiymətləri sabitləşdirə bilər. Uzun müddətdə, yəni 5 ildən sonra isə dövlət dəstəyi və ekoloji tədbirlər güclü olsa, balıq daha əlçatan ola bilər", - deyə Akif Nəsirli fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Balıq,Bahalaşma,Açıqlama,Qıtlıq,Todaypress.tv,