Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ: Orta Dəhliz üçün strateji addım

İqtisadiyyat

26.08.2025 17:40

“Azərbaycanla Türkmənistan arasında münasibətlərin normallaşması türk dünyasının birliyinə töhfədir”.

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən bildirib. 

O hesab edir ki, Azərbaycanla Türkmənistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması təkcə iki ölkə üçün deyil, bütövlükdə türk dünyası və regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. 

Belə ki, Türkmənistan Xəzər hövzəsinə daxil olan ölkədir və Azərbaycanla ortaq su sərhədinə sahibdir. Hətta iki ölkə arasında mübahisəli karbohidrogen yataqları da mövcud olub ki, bu səbəbdən uzun illər ərzində həmin yataqlarda hasilat mümkün olmayıb:

“Lakin hazırda geosiyasi reallıqlar dəyişib. Türkmənistan rəhbərliyi anlayır ki, Avropaya çıxış üçün Azərbaycanla əməkdaşlıq vacibdir. Bu səbəbdən də təşəbbüs məhz Aşqabaddan gəlib”.

Ekspertin fikrincə, bu əməkdaşlıq siyasi yanaşmadan daha çox iqtisadi strateji hədəflərə söykənir. Hazırda Orta Asiya ölkələrinin Avropaya çıxış üçün iki əsas alternativi var: Qazaxıstan və Türkmənistan limanları. Hər iki marşrut üzrə yük daşımalarının Azərbaycandan keçməsi zəruridir. Bu da rəqabəti artıraraq iqtisadi göstəricilərin yaxşılaşmasına gətirib çıxaracaq.

İqtisadçı həmçinin xatırladıb ki, Avropa İttifaqı (Aİ) 2025-ci ilin aprelində Səmərqənddə keçirilən sammitdə Orta Asiya ölkələrinə 11,6 milyard dollarlıq investisiya ayırmaq qərarına gəlib. Bu razılaşmadan sonra həm Qazaxıstan, həm də Türkmənistan üzərindən Bakı limanlarına çıxışın əhəmiyyəti daha da artıb. 

“Gözləntilərə əsasən, yaxın illərdə Orta Asiya və Çindən Avropaya yük axını daha da intensivləşəcək. Bu konteksdə Azərbaycanın əsas tranzit ölkə və iqtisadi mənfəət əldə edən aktora çevrilməsi ehtimalı yüksəkdir”.

A.Nəsirlinin fikrincə, Türkmənistanla münasibətlərin normallaşması təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə regionun rifahı və Aİ-nin Orta Dəhliz strategiyası baxımından da böyük önəm daşıyır. 

Qeyd edək ki, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə yüksəksəviyyəli görüş keçirilib. 

Görüş zamanı ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialı nəzərdən keçirilib. 

Aysel Mətləb

tag: Akif Nəsirli,İqtisadçı,Azərbaycan,Türkmənistan,Todaypress.tv,

photo