AQEM-in 10-cu Biznes Forumu Bakıda keçirildi

İqtisadiyyat

20.05.2025 19:40

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 10-cu Biznes Forumu keçirilib.

TodayPress TV xəbər verir ki, AQEM-ə üzv dövlətlərin rəsmi şəxslərini və iş adamlarını bir araya gətirən tədbirdə biznes sahəsində çağırışlar və imkanlar, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının təşviqi üzrə çıxış və müzakirələr aparılıb. 

 Mövzu üzrə AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Respubikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev fikir və təkliflərini bölüşüblər.   

Biznes forumda “AQEM regionunda KOB-ların rəqabətqabiliyyətliliyinin gücləndirilməsi” və “Dayanıqlılıq və qadınların KOB sahəsindəki rolu” mövzularında panel müzakirələr təşkil olunub.   

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstan Respublikasının “Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.   

AQEM Katibliyinin koordinasiyası ilə hazırlanmış "AQEM regionunda KOB inkişafı üzrə e-kitab” layihəsinin təqdimatı keçirilib.

Bildirilib ki, bu layihə üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsini təşviq etməyə yönəlib. Həmçinin, biznes forum çərçivəsində Azərbaycan KOB-larının istehsal etdiyi qida və qeyri-qida məhsullarından ibarət kiçik sərgi təşkil olunub.

tag: AQEM,Biznes,Forum,Bakı,Todaypress.tv,