Aİ-95 markalı benzinin istehsalı azaldı: Səbəblər nədir?
İqtisadiyyat
29.10.2025 15:29
Bu il 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azdır.
Həmçinin Aİ-92 markalı benzinin istehsalı 1 067,54 min ton olub ki, bu da illik müqayisədə 2,1% artım deməkdir.
Bəs Aİ-95-in istehsalının azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı üçün həyata keçirilən yenidənqurma işləri artıq yekun mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, neft emalı zavodlarında iki əsas istehsal xəttindən biri tam yenidən qurularaq fəaliyyətə başlayıb, digər xəttdə isə təmir işləri davam edir.
“Hazırda ikinci xəttin təmiri başa çatmaq üzrədir. Məhz bu xəttin dayandırılması yay aylarında Aİ-95 markalı benzinin istehsalında kəskin azalmaya, nəticədə isə bazarda müəyyən qıtlığa səbəb olmuşdu. Lakin Rumıniya, Qazaxıstan və Belarusdan idxal edilən benzin hesabına vəziyyət sabitləşdirildi", – deyə iqtisadçı bildirib.
Natiq Cəfərlinin sözlərinə görə, ikinci xətt də tam işə düşdükdən sonra Azərbaycan Aİ-95 markalı benzinlə özünü demək olar ki, tam təmin edəcək.
Qeyd edək ki, ümumilikdə ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Aİ95,Benzin,Todaypress.tv,
