“OpenAI” yeni modelini təqdim etdi

İKT

11.06.2025 11:11

“OpenAI” şirkəti daha mürəkkəb məntiqi məsələləri və proqramlaşdırma tapşırıqlarını yerinə yetirə bilən yeni “o3-pro” süni intellekt modelini istifadəyə verib.

TodayPress TV xəbər verir ki, model artıq “Pro” və “Team” abunəçiləri üçün əlçatandır. 

“Enterprise” və “Edu” istifadəçilərinin isə yaxın bir həftə ərzində bu sistemə çıxış əldə edəcəyi gözlənilir. “ChatGPT Plus” istifadəçiləri üçün əlçatanlıq barədə isə hələ məlumat verilməyib.

Yeni model mətn və şəkil üzərində analiz aparmaq, sənədləri oxumaq, “Python” dilində kod yazmaq, internetdə axtarış və məlumat yaddaşı kimi funksiyaları yerinə yetirə bilir. “o3-pro” 200 min tokenlik kontekst pəncərəsi ilə daha uzun sualları və böyük həcmli məlumatları emal etməyə imkan verir. Bununla belə, model səs və şəkil yaratma funksiyalarını dəstəkləmir.

“OpenAI”nin bildirdiyinə görə, “o3-pro” əvvəlki modellərlə müqayisədə daha yüksək dəqiqlik və cavab keyfiyyəti göstərir. O, xüsusilə riyazi məsələlərin həllində və kod yazmaqda daha sabit nəticələr verir.

Modeldən “API” vasitəsilə istifadə qiyməti 1 milyon giriş tokeni üçün 20 dollar, çıxış tokeni üçün isə 80 dollardır. Bu, əvvəlki “o1-pro” modelindən daha ucuz, lakin daha güclü funksionala malik olduğunu göstərir.

Qiymət Mahir

tag: ChatGPT ,OpenAI,o3-pro,Süni intellekt,todaypress.tv,