Microsoft yenilənmiş “Başlat” menyusunu təqdim etdi

İKT

29.10.2025 19:45

“Microsoft” şirkəti “Windows 11” əməliyyat sisteminin yeni yeniləməsini istifadəyə verib.

TodayPress TV xəbər verir ki, "Neowin" portalının məlumatına görə, KB5067036 adlı yeniləmə “Başlat” menyusuna fərdiləşdirmə baxımından bir sıra yeniliklər gətirir.

Artıq “Bütün tətbiqlər” bölməsi menyunun əsas səhifəsində yerləşir və iki yeni baxış rejimi təklif olunur — şəbəkə (grid) və kateqoriyalar üzrə. İkinci rejim standart olaraq aktivləşir və sistem proqramları avtomatik tematik qovluqlara qruplaşdırır.

Yeni interfeys xüsusilə iri ekranlı cihazlar üçün optimallaşdırılıb, kontentin görünüşü və yerləşməsi təkmilləşdirilib. Bundan əlavə, “Telefonla əlaqə” paneli də yenilənib — burada artıq istifadəçinin son fəaliyyətləri, bildirişlər və zənglər əks olunur.

Yeniləmə "Windows 11"in 24H2 və 25H2 versiyalarının istifadəçiləri üçün mərhələli şəkildə yayılır. Şirkət bildirir ki, “Başlat” menyusundakı dəyişikliklər bütün istifadəçilərdə dərhal görünməyə bilər.

Xatırladaq ki, daha əvvəl "Windows 10"un dəstəyinin dayandırılması "Apple" kompüterlərinin satışında artıma səbəb olmuşdu.

Qiymət Mahir

TodayPress TV

tag: Microsoft,Windows 11,25H2 ,Apple,Todaypress.tv,