Yeniyetmə Xaqan dünya ikincisini mat etdi

İdman

16.06.2025 12:33

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (rapid reytinq - 2290) Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib.

TodayPress TV xəbər verir ki, Xaqan Əhməd blits üzrə dünya çempionatındakı çıxışı barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib: 

“Komandalar arasında dünya çempionatı mənim üçün çox unudulmaz anlarla yadda qaldı. Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı. Nakamurayla mübarizə bir qədər həyəcanlı start götürdü. Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim “Türk Hava Yolları” komandası 1/8 finala vəsiqə qazana bilmədi”.

Xaqan Əhməd Nakamurayla oyundan sonra onu təbrik edən hər kəsə minnətdarlığını bildirib: 

“Londonda başqa komandanın heyətində çıxış edən azərbaycanlı şahmatçı Rauf Məmmədovu partiyanı izləyənlər arasında görmək xoş hisslər yaratdı. Nakamurayla partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna çox sağ ol demək istərdim”.

Namiq HUN

tag: Xaqan Əhməd ,Şahmat,Turnir,Qələbə,Todaypress.tv,