Təhlükəsizlik səbəbindən Taremi “İnter”ə qoşula bilmədi

İdman

14.06.2025 15:30

İtaliyanın “İnter” klubunun iranlı hücumçusu Mehdi Taremi ölkəsini tərk edə bilməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilir ki, Taremi Tehran şəhərindən ABŞ-nin Kaliforniya ştatına yola düşərək klublararası dünya çempionatında “neradzurre”yə qoşulmalı idi. Lakin İranda təhlükəsizlik səbəbilə hava məkanının bağlanması onun uçuşunu mümkünsüz edib. Hazırda “İnter” 32 yaşlı futbolçu ilə əlaqə saxlayaraq vəziyyəti həll etməyə çalışır.

Xatırladaq ki, 13 iyun gecəsi İsrail İranın nüvə və raket proqramlarına zərbə endirmək məqsədilə xüsusi əməliyyata başladığını açıqlayıb. Səhər saatlarında isə İran cavab zərbələrinə başladığını bəyan edib.

Qeyd edək ki, “İnter” hazırda ABŞ-da klublararası dünya çempionatına hazırlıq keçir. Turnir 14 iyun - 13 iyul tarixlərində təşkil olunacaq. İtaliya təmsilçisi E qrupunda “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika) və “River Pleyt” (Argentina) ilə mübarizə aparacaq. Milan klubu ilk oyununu iyunun 18-də “Monterrey”ə qarşı keçirəcək.

Namiq HUN

tag: Taremi,İnter,Klub,İran,Todaypress.tv,