Şakil O'Nil Şvarçeneggerə 1 dollara xidmət təklif etdi

İdman

28.06.2025 09:50

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, Şöhrət Zalının üzvü və hazırda televiziya eksperti olan Şakil O'Nil “Netflix” platformasında yayımlanan “Fubar” serialında rol almaq istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu istəyini şəxsən Arnold Şvarçeneggerə çatdıraraq, üçüncü mövsümdə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti rolunda iştirak etməyə hazır olduğunu deyib.

“Əgər prodüser və ssenarist gözü ilə baxsan, mənə CIA agenti kimi hansı rolu verərdin?” – deyə O'Nil öz podkastında Şvarçeneggerə sual ünvanlayıb.

“Sonra birlikdə hamıya nəyə qadir olduğumuzu göstərərik!” – deyə Şvarçenegger zarafatla cavab verib.

O'Nil xidmətini təklif edərək sözlərinə belə davam edib: 

“Əgər üçüncü mövsümdə mənə ehtiyac yaranarsa, mən hazıram. Hamıya deyin: Şak razıdır, onu mütləq cəlb etmək lazımdır. Onlara çatdır ki, mənim qonorarım sadəcə 1 dollardır. Sənin üçün hər şeyə hazıram, bunu bilirsən”.

Qeyd edək ki, “Fubar” “Netflix”də yayımlanan və Şvarçeneggerin baş rolda çəkildiyi komediya-triller janrında bir serialdır.

Namiq HUN

tag: Şakil O’Nil ,Arnold Şvarçenegger,Film,Təklif,Todaypress.tv,