NHL-də dəyişiklik: Mövsüm oyunlarının sayı artırılacaq
İdman
27.06.2025 10:50
ABŞ Milli Hokkey Liqası (NHL) və NHL oyunçular assosiasiyası (NHLPA) arasında razılaşmaya əsasən, 2026/2027-ci illər mövsümündən etibarən liqada əsas mərhələ oyunlarının sayı 82-dən 84-ə yüksəldiləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Russian Machine Never Breaks nəşri məlumat yayıb.
Bildirilir ki, dəyişikliklər çərçivəsində komandaların keçirdiyi mövsümöncəsi yoxlama oyunlarının sayı da azaldılacaq. Hər klub maksimum dörd yoxlama oyunu ilə kifayətlənəcək (əvvəl bu say 6–8 idi).
Bundan əlavə, NHL-in maliyyə qaydalarında da yeniliklər ediləcək. Xüsusilə, zədəli oyunçuların pley-off mərhələsindən əvvəl siyahıya qaytarılması ilə bağlı istismar imkanları aradan qaldırılacaq. Bu isə maaş həddi qaydalarının pozulmasının qarşısını almağa xidmət edəcək.
Qeyd edək ki, NHL-in hazırkı kollektiv əmək müqaviləsinin müddəti 2026-cı il sentyabrın 15-də başa çatacaq. Yeni razılaşma memorandumunun imzalanmasından sonra NHL sahibləri və NHLPA nümayəndələri bu müqaviləni ratifikasiya etməlidirlər.
Namiq HUN
tag: NHL,Hokkey,Oyun,Say,Todaypress.tv,