Klublararası DÇ: Alman nəhəngi 1/4 finala yüksəldi

İdman

30.06.2025 09:33

ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində “Bavariya” və “Flamenqo” komandaları qarşılaşıb. 

TodayPress TV xəbər verir ki, Mayaminin “Hard Rock” stadionunda baş tutan oyunda alman nəhəngi rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Matçın erkən dəqiqələrində braziliyalı yarımmüdafiəçi Erik Pulqarın avtoqolu ilə hesabı öz xeyrinə dəyişən “Bavariya”, 9-cu dəqiqənin tamamında Harri Keynlə fərqi 2 topa çatdırıb. 

“Flamenqo” 33-cü dəqiqədə Jersonun qolu ilə ümidləri artırsa da, Leon Qoretskanın hissənin sonlarında uzaq məsafədən vurduğu qol yenidən “Bavariya”nı iki top fərqi ilə önə keçirib. 

İkinci hissədə Jorjinyo 54-cü dəqiqədə penalti zərbəsindən sonra hesab arasındakı fərqi yenə minimuma endirib. Matçın yekun nəticəsini isə 73-cü dəqiqədə dubl edən Harri Keyn müəyyənləşdirib - 4:2.

“Bavariya” 1/4 final mərhələsində “İnter Mayami”ni 4:0 hesabı ilə məğlub edən PSJ ilə qarşılaşacaq. 

Qeyd edək ki, daha əvvəl “Palmeyras” və “Çelsi” klubları ilk dörddəbir final cütlüyünü formalaşdırıblar.

Namiq HUN

tag: Klublararası,DÇ,Oyun,Futbol,Todaypress.tv,