İtaliyalı gənc pilot testlər zamanı faciəvi şəkildə həlak oldu

İdman

12.06.2025 14:55

Avropa Ralli Çempionatının (ERC) gənc iştirakçısı, 21 yaşlı italiyalı pilot Matteo Doretto Polşa Rallisindən əvvəl keçirilən şəxsi testlər zamanı baş verən qəzada həyatını itirib. 

TodayPress TV xəbər verir ki, bu barədə ERC-nin rəsmi mətbuat xidməti məlumat yayıb.

Doretto test sürüşləri zamanı baş verən qəza nəticəsində yerindəcə keçinib. Onun köməkçisi və şturmanı Samuele Pellegrino isə profilaktik tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb və hadisə zamanı ciddi xəsarət almayıb.

ERC-nin rəsmi açıqlamasında pilotun istedadı və insanlığı yüksək qiymətləndirilib:

“ACI Team Italia-nın pilot inkişaf proqramında iştirak edən Matteo, ERC ailəsinin sevilən üzvünə çevrilmişdi. O, istedadı, təvazökarlığı və cazibədar xarakteri ilə tanınırdı. Xüsusilə Macarıstanda gənc pilotlar kateqoriyasında üçüncü yeri tutması onun böyük potensiala sahib olduğunu göstərmişdi”. 

Qeyd edək ki, gənc pilot Romada keçiriləcək ev rallisinə daha yaxşı hazırlaşmaq və çınqıl örtüklü yollarda rəqabət qabiliyyətini artırmağı qarşısına məqsəd qoymuşdu.

Namiq HUN

tag: Pilot,Ölüm,İtaliyalı ,Matteo Doretto,todaypress.tv,