“Atletiko” heyətdə təmizliyə başladı
İdman
28.06.2025 13:10
“Atletiko Madrid” klubu yeni mövsüm ərəfəsində ciddi kadr dəyişiklikləri ilə üzləşə bilər.
TodayPress TV “Marca” nəşrinə istinadən xəbər verir ki, “hindular”ı yay transfer dövründə doqquz futbolçu tərk edə bilər.
Artıq komandadan üç oyunçunun ayrılacağı dəqiqləşib - müdafiəçilər Sesar Aspilikueta və Reinildu, həmçinin yarımmüdafiəçi Aksel Vitsel klubla müqavilələrinin başa çatması səbəbilə “Atletiko”dan gedirlər.
Eyni zamanda, hücumçu Anxel Korrea və yarımmüdafiəçi Rodriqo Rikelmenin də komandadan ayrılması gözlənilir. Baxmayaraq ki, onların “Atletiko” ilə hələ də qüvvədə olan müqavilələri mövcuddur.
Klub rəhbərliyi həmçinin cinah oyunçuları Samuel Lino və Nauel Molinanın transferinə açıqdır. “Atletiko” onların satışından xeyli gəlir əldə etməyi planlaşdırır.
İngilis yarımmüdafiəçi Konor Qallaherin də klubdakı gələcəyi qeyri-müəyyəndir. Əgər Premyer Liqa klublarından uyğun təklif gəlsə, futbolçu İngiltərəyə qayıda bilər.
“Hindular”ın digər yarımmüdafiəçisi Rodriqo de Paulun da taleyi qeyri-müəyyən olaraq qalır. Onunla yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Namiq HUN
tag: Atletiko Madrid,Klub,Futbol,Heyət,Todaypress.tv,