Zəfər paradına sayılı günlər qaldı: Ordumuzun yeni imkanları nümayiş olunacaq!

Hərbi

28.10.2025 16:39

Noyabr ayının 8-də Bakıda Vətən Müharibəsinin 5-ci ildönümünə həsr edilmiş təntənəli hərbi parad keçiriləcək.


Maraqlıdır, dost və müttəfiq ölkələrin liderlərindən və ya silahlı qüvvələrindən kimlərin iştirakı gözlənilir?

Paradda Azərbaycan ordusunun hansı ən yeni silah, texnika və bölmələri göstərilə bilər? 

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə bildirib ki, Noyabrın 8-də keçiriləcək Zəfər paradında dost və müttəfiq ölkələrin, xüsusilə də Türkiyə və Pakistanın nümayəndə heyətlərinin iştirakı gözlənilir.


Paradda Azərbaycan Ordusunun qoşun növləri, eləcə də Silahlı Qüvvələrin tərkibinə daxil olan digər qurumlar - Dövlət Sərhəd Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və s. öz parad xüsusi heyətləri və silah-texnikaları ilə iştirak edəcəklər. 


“Vətən müharibəsindən sonra ordumuzun təminatı və təchizatı üçün ciddi maliyyə vəsaitləri ayrılıb. Bu vəsaitlərin böyük hissəsi ordunun döyüş imkanlarını genişləndirmək üçün zəruri olan silah, texnika və avadanlıqların alınmasına yönəldilib”.

O əlavə edib ki, bu paradda Azərbaycanın silahlanmasına daxil etdiyi “CF-17” qırıcı təyyarələri, “Nora” uzaqmənzilli artilleriya sistemləri, yüksək irtifada uzun müddət fəaliyyət göstərə bilən “Akıncı” tipli PUA-lar kimi mühüm imkanlara malik silah, texnika və vasitələr də nümayiş olunacaq.


“Parad həm ölkəmizin hərbi qüdrətini, həm də dost və müttəfiq dövlətlərlə əməkdaşlığımızı nümayiş etdirəcək. Bu, eyni zamanda Azərbaycanın hərbi-texniki modernləşməsinin açıq göstəricisidir”, - deyə Ədalət Verdiyev bildirib. 

Nicat Osman

TodayPress TV


tag: Ədalət Verdiyev,Ekspert,Azərbaycan,Zəfər paradı,Todaypress.tv,