Paşinyanın ziddiyyətli strategiyası: Hərbi büdcə azalsa da, yeni silahlar alınır...
Hərbi
11.09.2025 17:28
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı il üçün hərbi büdcənin azaldılması planlarını şərh edib.
Onun sözlərinə görə, 2025-ci ildə müdafiə xərclərində əhəmiyyətli, qeyri-mütənasib artım (115 milyard dram - təxminən 300 milyon dollar) olmasaydı, o zaman tədricən illik artım 2026-cı ildə də davam edəcəkdi.
Paşinyan onu da qeyd edib ki, hərbi büdcənin azaldılmasında başqa amillər də var. Lazım gələrsə, bağlı qapılar arxasında parlamentə təqdim edə bilər.
Maraqlıdır, Ermənistan hərbi büdcəsinin azaldılmasın və Paşinyanın bağlı qapılar arxasında təqdim edəcəyi amillər hansılardır?
TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Rövşən Məhərrəmov Ermənistanın hərbi büdcəsi və regionda yaranan yeni reallıqlar barədə danışıb.
“Ermənistanın qonşularından Türkiyə, İran, Gürcüstan və Azərbaycandan təhlükə görməyəcək”
Onun sözlərinə görə, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində müsbət addımlar atıldığını bildirib. Belədirsə, bu halda Ermənistanın qonşularından Türkiyə, İran, Gürcüstan və Azərbaycandan təhlükə görməyəcək. Yəni hərbi büdcənin azaldılması təbii sayılsa da, 2025-ci ildə Ermənistanın hərbi xərcləri yenə də 1,7 milyard dollar təşkil edir.
“Pərdəarxası danışıqlar ordunun saxlanılması və yeni silahların hansı ölkələrdən əldə olunması ilə bağlı olacaq”
“Balaca bir dövlət üçün bu, çox böyük məbləğdir. Ordunun say tərkibi və büdcənin imkanlarını nəzərə alsaq, Ermənistan üçün ağır yükdür. Lakin buna baxmayaraq, Hindistandan, Fransadan və digər ölkələrdən silah alınması prosesi davam edir. Pərdəarxası danışıqlar əsasən ordunun saxlanılması və yeni silahların hansı ölkələrdən əldə olunması ilə bağlı olacaq”, – deyə ekspert vurğulayıb.
Polkovnik qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi 5 milyard dollar təşkil edir və bu rəqəm Ermənistanınkından təxminən üç dəfə çoxdur:
“Müasir silahların alınması və komplektləşmə prosesi davam etdirilməlidir”
“Düşünmürəm ki, Azərbaycan tərəfi hərbi büdcəsini azaldacaq. Dünyada proseslər dəyişir, regionda gərginlik qalmaqdadır. Biz ordunu Türkiyə modelinə uyğunlaşdırmışıq, NATO sisteminə keçmişik. Ona görə müasir silahların alınması və komplektləşmə prosesi davam etdirilməlidir”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan büdcənin azaldılacağını elan etsə də, silah alışını dayandırmayacaq:
“Paşinyan bir müddət əvvəl açıqlama vermişdi ki, yeni silahlar, xüsusilə hava hücumundan müdafiə sistemləri və hücum vasitələri alınmalıdır. 44 günlük müharibədə Ermənistanın bütün hava hücumundan müdafiə sistemləri Azərbaycan Ordusu tərəfindən məhv edilmişdi. Qələbədən sonra isə Ermənistan Fransadan və Hindistandan yeni silahlar əldə edib. Ona görə onların hərbi büdcəni ciddi şəkildə azaltması real görünmür. Sadəcə, artıq təhlükəni hiss edirlər”.
“Ermənistan indi məğlub dövlətdir və Azərbaycan Ordusuna uduzub”
O, həmçinin hesab edir ki, sülh müqaviləsinin imzalanması region üçün müsbət addımdır:
“Cənubi Qafqazda gərginliyi hər zaman Ermənistan yaradıb. Ermənistan indi məğlub dövlətdir və Azərbaycan Ordusuna uduzub. Amma ordunun komplektləşdirilməsi istiqamətində addımlar atmağa davam edəcəklər. Pərdəarxasında isə əsas müzakirə mövzusu silahların hansı dövlətlərdən və hansı mənbələr hesabına alınacağı olacaq”.
Nicat Osman
tag: Rövşən Məhərrəmov,Polkovnik,Paşinyan,Hərbi büdcə,Todaypress.tv,
