Ətrafımızda bu qədər müharibələr mövcud olduğu halda... - Ekspert
Hərbi
09.09.2025 18:30
Son illər dünyanın siyasi atmosferi getdikcə gərginləşib, ölkələr və siyasi ittifaqlar arasında olan ziddiyətlər isə pik həddə çatıb.
Dünyada baş verən mövcud siyasi gərginliklər gələcəkdə mümkün müharibə və hərbi toqquşma risklərinin baş verə biləcəyinə işarə edir.
Məsələ ilə bağlı TodayPress TV-yə ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, hazırda regionda vəziyyət qeyri-stabil olaraq qalır.
“Şimalda Rusiya ilə Ukrayna müharibəsi davam edir. Digər tərəfdən, Rusiya mediası daim Azərbaycana qarşı müharibə çağırışları edir. Ümumilikdə isə İran, İsrail, ABŞ münaqişəsi passiv fazada davam etməkdədir. Belə olan halda, təbii ki, Azərbaycan baş verən prosesləri nəzərə alaraq, özünün hərbi potensialını da daim yüksək səviyyədə saxlamağa məcburdur”, - deyə o bildirib.
Ekspert onu da diqqətə çatdırıb ki, biz daim Silahlı Qüvvələrimizin həm canlı qüvvə, həm texnika, vasitə, həm də avadanlıq baxımından təchizatına ciddi diqqət yönəldirik.
“Ermənistan ilə sülh sazişinin paraflanmasına baxmayaraq, Azərbaycan hərbi xərclərini davamlı olaraq artırır. Zəruri hesab etdiyimiz silah, texnika, vasitə və avadanlıqlar əldə edirik. Ordumuzun təchizatı üçün heç bir qənaətə yol vermirik”.
O vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri dövlətimizin və ərazimizin təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün addımları perventiv olaraq atır və bundan sonra da Silahlı Qüvvələrimizin döyüş potensialını yüksəltmək üçün bütün tədbirlər vaxtında həyata keçiriləcək.
“Ətrafımızda bu qədər müharibə və münaqişələr mövcud olduğu halda, biz daim istənilən vəzifəni istənilən ərazidə, istənilən vaxtda yerinə yetirəcək silahlı qüvvələrə malik olmalıyıq. Bu, təhlükəsizlik məsələsidir və daim də Azərbaycan üçün ən prioritet məsələ olub. Bundan sonra da bu istiqamətdə dəyişikliklər olmayacaq”,- deyə hərbi ekspert fikrini yekunlaşdırıb.
Nicat Osman
tag: Ədalət Verdiyev,Ekspert,Azərbaycan,Siyasət,Dünya,Müharibə,Todaypress.tv,