Çəkiliş üçün getdikləri evdə qadını ölü tapdılar
Hadisə
02.09.2025 22:45
Bu gün səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsindən “Xəzər Xəbər”ə edilən zəngdən sonra əraziyə gedən çəkiliş qrupu dəhşətli hadisəyə şahidlik ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə kanalın işçisi Nizami Rəsulov məlumat yayıb.
“Səhər saatlarında bir qadın bizim (XəzərXəbər) qaynar xəttimizə zəng edərək kömək istəmişdi. Səsi titrəyirdi, qorxu ilə danışırdı. Bildirdi ki, qaynı onu hər gün təhdid edir, yaşamağa imkan vermir. Deyirdi ki, nəfəs almaq belə çətinləşib, bir anlıq rahatlıq yoxdur. Mən də qadınla daha geniş söhbət etmək, onun yaşadıqlarını ictimailəşdirmək üçün müsahibə almaq məqsədilə onun ünvana yollandım.
Amma ünvana çatanda artıq gec idi. Mənim gəldiyim an o evdə həyat artıq sönmüşdü. Qadın torpağa qarışan ömrünün son dəqiqələrini çox güman ki, qorxu və çarəsizlik içində yaşamışdı. Onun gözlərindəki ümid, kömək çağırışı bir daha geri dönməyəcək.
Düşünürəm ki, cəmi beş dəqiqə tez gəlsəydim, bəlkə də...
Amma o beş dəqiqəlik fərq qadının taleyini dəyişməyə kifayət etmədi.
Təhdidləri vaxtında görməməzlikdən gəlmək, "ailə içi məsələdir" deyib susmaq çox zaman geri dönüşü olmur. Buna biganə qalmaq qəti olmaz.
Bu gün bir qadın həyatını itirdi. Onun səsi artıq eşidilməyəcək. Amma həmin səsin əks-sədası bizə qalır. Hər kəsə bir xəbərdarlıq kimi. Gecikmədən müdaxilə etmək, susmamaq, vaxtında kömək göstərmək həyat qurtara bilər.
O qadının bu gün səhər söylədiyi son sözlər (Nizami müəllim siz gəlirsiniz? Nə yaxşı gəlir. Sizə çay da verəcəm) ifadələri qulağımda hələ də səslənir: “Yaşamağa imkan vermir…”.
tag: Xəzər Xəbər,Ailə,Qətl,Çəkiliş,Todaypress.tv,