Torpaq uğrunda ölən varsa, vətəndir – Arəstə Məmmədzadə yazır...

Gündəm

27.09.2025 13:00

Tarixin yaddaşında dərin iz buraxan, zaman keçdikcə daha da möhkəmlənən hadisələr vardır. Azərbaycan xalqı üçün belə hadisələrdən biri 2020-ci ilin 27 sentyabr günüdür. Həmin gün Ermənistan Silahlı Qüvvələri heç bir xəbərdarlıq etmədən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutdu. Bu hücum Vətən müharibəsinin başlanmasına səbəb oldu.

Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin irəliləməsinin qarşısı alındı və ilk gündən etibarən hücum müvəffəqiyyətlə dəf edildi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək hər bir vətəndaşı ayıq-sayıq olmağa, milli həmrəyliyi qorumağa çağırdı. Məhz bu çağırış xalqın bir yumruq kimi prezidentinin ətrafında birləşməsinə səbəb oldu.

Azərbaycan Ordusunun əks-hücumu nəticəsində genişmiqyaslı hərbi əməliyyatlar başladı. 44 gün davam edən müharibə parlaq zəfərlə başa çatdı. Azərbaycan haqq yolunda mübarizə apardı və tarixi ədaləti bərpa edərək işğal altında olan torpaqlarını azad etdi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycanın siyasi müstəqilliyində qazandığı qətiyyətin, dövlət suverenliyinin güclənməsinin göstəricisi idi.

44 günlük müharibə dövründə bəzi dövlətlərin, xüsusilə Fransa və İranın Ermənistana siyasi və hərbi dəstəyinə baxmayaraq, Azərbaycan xalqı və ordusu mübarizədə dönməz iradə nümayiş etdirdi. Beynəlxalq səviyyədə də Azərbaycanın haqq səsi tanındı və ölkəmiz qalib dövlət kimi tarixə düşdü.

Bu zəfərin memarları canını Vətən yolunda fəda edən şəhidlərimiz oldu. Onlar torpaq, bayraq, dövlət naminə ən uca zirvəyə – şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın hər bir vətəndaşı bu gün azad torpaqlarda azad nəfəs alırsa, bu, şəhidlərimizin qanı və canı bahasına başa gəlmişdir.

Şəhidlərin xatirəsi xalqımız üçün müqəddəsdir. Onların adını əbədiləşdirmək məqsədilə xiyabanlar, parklar salınır, küçələrə, məktəblərə, uşaq bağçalarına onların adları verilir. Dövlət tərəfindən ailələrinə xüsusi qayğı göstərilir, qazilər sosial dəstək və tibbi yardımla təmin olunur.

Ancaq ən böyük yadigar xalqımızın qəlbindədir – hər bir azərbaycanlı şəhidlərimizin ruhunu öz içində yaşadır. Onların göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnək, gələcək üçün yol göstəricisidir. Bu gün Qarabağda ucalan hər bina, bərpa olunan hər kənd, çalınan hər zəfər səsi şəhidlərimizin ruhuna ünvanlanan bir salamdır.

Azərbaycan xalqı bilir ki, şəhidlər ölmür, onlar daim xalqın yaddaşında, ruhunda yaşayırlar.

27 sentyabr – Anım Günü şəhidlərin ruhuna ehtiram, onların ailələrinə minnətdarlıq, gələcək nəsillərə isə qəhrəmanlıq dərsidir.

Arəstə Məmmədzadə 

AMEA Arxeologiya və Antropologiya İnstitutu, İlk orta əsrlər arxeologiyası şöbəsinin elmi işçisi.

tag: Arəstə Məmmədzadə,27 Sentyabr,Anım günü,Şəhidlər,Todaypress.tv,