Süni intellekt müəllimləri əvəz edəcək?

Elm və Təhsil

15.09.2025 18:15

"Gələcəkdə müəllimlik peşəsi olmayacaq", "Süni intellekt müəllimləri əvəz edəcək”, “Müəllimlik peşəsinin sonu yaxınlaşır” kimi anonslar bir çox təhsilverənləri narahat edir və cəmiyyətdə ciddi sual doğurur.

Görəsən, süni intellekt həqiqətənmi müəllimləri əvəz edə biləcək? 

“İxtisas müəllimini əvəz etmək çətindir”

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu, heç bir halda real görünmür:


"Süni intellekt və ya robotexnika heç bir halda ixtisas müəllimini əvəz edə bilməz. Əvəz edə biləcəyi müəllimlər də var. Məsələn, ingilis dili müəllimini əvəz etmək mümkündür. "YouTube" vasitəsilə öyrənmək, oradan dərslər tapmaq və onlardan faydalanmaq olar. Amma ixtisas müəllimini əvəz etmək çətindir. Çünki həmin sahələrdə bəzən praktiki işlər - məsələn, əllə müəyyən hissələri yazmaq və ya qurmaq tələb olunur. Süni intellektin yaradacağı texnologiyalar bu funksiyaları tam təkrar edə bilməz. Riyaziyyat müəllimi sizi konkret şəkildə yönləndirən və formalaşdıran insandır. Amma birmənalı şəkildə demək olar ki, dünyada gedən robototexnika və süni intellektin yaratdığı imkanlar bir sıra peşələrin sayını azaldacaq. Təxminən 35%-ə qədər peşələr sıradan çıxacaq.

Ancaq süni intellektin yaradacağı imkanlar problem deyil, əksinə, yeni imkanlardır. Biz bu imkanlardan tədrisin keyfiyyətinin artırılması istiqamətində istifadə edəcəyik. Müəllimlər süni intellektdən narahat olmasınlar. Əksinə, onun faydalı tərəflərini dərs prosesində tətbiq etsələr, birmənalı şəkildə faydasını görəcəklər".

İqtisadçı ekspert Natiq Cəfərli də bu fikirlərlə razılaşır. 


Onun sözlərinə görə, süni intellekt mühazirələrin oxunması və bəzi texnoloji ixtisasların öyrədilməsi üçün faydalı vasitə ola bilər, lakin o, müəllimin rolunu tam şəkildə əvəz etmək gücündə deyil.

Ekspertlərin ortaq qənaətinə görə, süni intellekt müəllimlik peşəsinə son qoymayacaq, əksinə, müəllimlərin işini daha səmərəli təşkil etməyə yardımçı olacaq. Müəllimlər bu texnologiyadan dəstək alaraq daha yaradıcı, interaktiv və effektiv dərslər keçəcəklər.

Ziyafət Əlisoy, Türkan İsgəndərli

TodayPress TV

tag: Kamran Əsədov,Ekspert,Süni İntellekt,Müəllim,Todaypress.tv,