Nurlan İsmayılbəyli: “Erkən başlayan təhsil daha səmərəli nəticələr verir”
Elm və Təhsil
30.07.2025 15:47
“Azərbaycan Respublikasında ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur. 8 yaşı tamam olmuş uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsilə cəlb olunurlar”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu isə onları birlikdə öyrənmə mühitindən, sosiallaşma imkanlarından və məktəb mühitinin əsas üstünlüklərindən məhrum edə bilər.
“Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində, müəyyən yaş çərçivəsində təşkil olunur və həftədə 4 gün keçirilir. Bu formaya əsasən: İbtidai təhsildə fərdi təhsilə 9–15 yaşlı uşaqlar cəlb olunur; Ümumi orta təhsil səviyyəsində isə 8-ci sinfi bitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestat ala bilərlər. Uşaqların təhsilə vaxtında başlaması onların intellektual, sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkən başlayan təhsil daha səmərəli nəticələr verir”.
Töhfə Səməd
tag: MÜTDA,Tədbir,Təhsil,Şagird,Todaypress.tv,