Milli kimliyin və dövlətçiliyin təməli: 500 illik miras

Elm və Təhsil

01.08.2025 17:19

"Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı milli kimliyin, eləcə də müasir dövlətçiliyin ayrılmaz hissəsidir". 

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, dövlət dili yalnız hüquqi status deyil, həm də sosial və funksional rolu baxımından əhəmiyyətlidir. Bu göstəricidə Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində atılan addımlar milli dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Dosent Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsinin tarixini xatırladaraq açıqlayıb ki, dilimiz ilk dəfə Səfəvilər dövründə (1501-1736) rəsmi dövlət dili kimi müəyyən edilib. Həmin dövrdə fərmanlar azərbaycanlılara Azərbaycan dilində, farslara isə fars dilində göndərilirdi. Mədrəsələrdə isə təhsil ərəb, fars və Azərbaycan dillərində verilirdi.

“20-ci əsrdə isə dilimiz bir sıra çətinliklərlə qarşılaşıb. Lakin illərlə davam edən mübarizələrdən sonra, müstəqillik qazandığımız kimi, Azərbaycan dili də bütün qadağalardan azad oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin dil siyasəti sahəsində imzaladığı mühüm sənədlər Azərbaycan dilinin inkişaf yolunun əsas hissəsini təşkil edir”.

Dosent, Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin və dövlət müstəqilliyinin əsas daşıyıcısı olaraq strateji bir mövqe qazandığını vurğulayıb. Dövlət səviyyəsində aparılan bu siyasət, həmçinin dilin gələcək nəsillərə ötürülməsi üçün möhkəm bir zəmin yaradır.

Qeyd edək ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Türkan İsgəndərli

tag: Elçin İbrahimov,Dosent,Milli kimlik,Dövlətçilik,Miras,Azərbaycan dili,Todaypress.tv,

photo