Kollec təhsili alan gənclərə hərbi xidmətdən möhlət hüququ verilsin – TƏKLİF

Elm və Təhsil

31.07.2025 16:49

“Hazırda Azərbaycanda kolleclərlə bağlı müəyyən perspektivlər demək olar ki, yox səviyyəsindədir. Kollec təhsili, mövcud vəziyyətə əsasən, sadəcə ali təhsil müəssisəsinə keçid üçün bir vasitə rolunu oynayır”.

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, tibb bacısı, mamalıq kimi ixtisaslar istisna olmaqla, kollec məzunlarının əmək bazarında iş imkanları son dərəcə məhduddur:  

“Əmək bazarına qoşulmaq üçün mütləq ali təhsil almaq tələb olunur. İşəgötürənlər də təbii olaraq kollec diplomu ilə ali təhsil diplomu arasında seçim edərkən, üstünlüyü ali təhsilli kadrlara verirlər. Bu da kolleclərə marağın azalmasına səbəb olur”. 

Onun sözlərinə görə, kolleclərə həvəsin çox olmamasında hərbi xidmət faktoru da rol oynayır. Təhsilçinin fikrincə, 18 yaşı tamam olan oğlanların hərbi xidmətə çağırılması kolleclərə qəbul marağını azaldır. Bu səbəbdən kollec təhsili alan gənclərə də hərbi xidmətdən möhlət hüququ verilməlidir.  

Ekspert əlavə edib ki, son illərdə peşə təhsili kolleclər üçün ciddi rəqibə çevrilib. Çünki peşə təhsilində də yüksək peşə ixtisas səviyyəsi üzrə subbakalavr dərəcəsi verilir:  

“Peşə təhsilini bitirən şəxs birbaşa əmək fəaliyyətinə başlaya bilər. Amma kolleci bitirənlər, bəzi ixtisaslar istisna olmaqla bu imkana malik deyillər. Hazırda kolleclərdə tədrisin əsas məqsədi tələbələri imtahansız ali məktəbə keçidə hazırlamaqdır. Kolleci bitirən tələbələr orta müvəffəqiyyət göstəricisi və 100 ballıq sistem üzrə toplanan balla subbakalavr dərəcəsi alaraq ali məktəblərə imtahansız qəbul olunurlar. Lakin bu proses də yalnız bəzi ixtisaslara aiddir. Məsələn, turizm ixtisası üzrə kollec məzunlarının ali məktəbə keçidi demək olar ki, mümkünsüzdür”.   

Ramin Nurəliyev əlavə edib ki, peşə təhsilində son dövrlərdə daha ciddi irəliləyişlər müşahidə olunur və yaxın illərdə bu sahə ölkədə xüsusi çəkiyə sahib olacaq:   

“Gələcəkdə müəyyən peşə sahibləri üçün diplom tələb olunacağı təqdirdə, peşə təhsilinə maraq daha da artacaq. İnsanlar istəyirlər ki, xidmət aldıqları şəxslər, usta, texnik və ya digər peşə sahibi təhsilli, diplomlu olsun. Bu, keyfiyyət və etimad baxımından vacibdir", - deyə o, fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Ramin Nurəliyev,Ekspert,Kollec,Hərbi xidmət,Möhlət,Todaypress.tv,

photo