Kişi müəllimlərin çatışmazlığı: Onları məktəblərə necə cəlb etmək olar?
Elm və Təhsil
09.09.2025 17:17
"Azərbaycanda kişi müəllimlərin çatışmazlığı təhsil sisteminin əsas problemlərindən birinə çevrilib. Hazırda orta məktəblərdə çalışan müəllimlərin cəmi 17-18 faizi kişilərdir. Bəzi bölgələrdə isə ibtidai sinif müəllimlərinin hamısı qadınlardır".
Təhsil eksperti Kamran Əsədov bunu TodayPress TV-yə danışarkən bildirib.
Ekspert hesab edir ki, bu disbalans yalnız təhsil sahəsinə deyil, bütövlükdə cəmiyyətin sosial inkişafına mənfi təsir göstərir:
"Şagirdlərin formalaşmasında kişi obrazının yoxluğu oğlan uşaqlarının rol modellərinin məhdudlaşmasına səbəb olur. Bu, sosiallaşma prosesində də boşluqlar yaradır".
Kamran Əsədovun fikrincə, müəllimlik kişi gənclər üçün nə iqtisadi, nə də sosial baxımdan cəlbedici peşədir:
"Orta aylıq 700-900 manat maaş ailə dolandırmaq məsuliyyəti olan kişi üçün kifayət etmir. Bu səbəbdən kişi gənclər daha çox iqtisadi üstünlük və ya texniki ixtisaslara yönəlirlər. Bundan başqa, cəmiyyətdə müəllimlik qadın peşəsi kimi qəbul olunur. Bu stereotiplər də təsadüfi deyil, illərlə formalaşan yanaşmanın nəticəsidir".
Mütəxəssis əlavə edib ki, son vaxtlar bu problemi aradan qaldırmaq üçün müxtəlif təşviq təklifləri gündəmə gəlib. Onlardan biri də pedaqoji ixtisas seçən kişi abituriyentlərin hərbi xidmətdən azad olunmasıdır.
O hesab edir ki, bu təşəbbüs real şərtlərlə tətbiq edilərsə, müsbət nəticə verə bilər:
"Məsələn, gənc pedaqoji ixtisasa daxil olur, təhsilini başa vurur və minimum 5 il dövlət məktəbində işləyirsə, bu halda hərbi xidmətdən azad edilə bilər. Amma bu, yalnız müqavilə əsasında və hüquqi təminatla həyata keçirilməlidir. Əks halda, təşəbbüs manipulyasiya vasitəsinə çevrilə bilər."
Kamran Əsədov qeyd edib ki, problemin yalnız hərbi xidmətdən azadolma ilə həll olunacağını düşünmək də doğru deyil. Onun sözlərinə görə, kişi müəllimləri məktəbə qaytarmaq üçün kompleks strategiya hazırlanmalıdır. Bura diferensial maaş mexanizmi, sosial statusun bərpası, ictimai kampaniyalar, idarəetmədə şəffaf karyera imkanları və əlavə güzəştlər daxildir.
"Dünyaya baxsaq, Cənubi Koreyada kişi müəllimlərə sosial paketlər, ABŞ-də "Teach for America" proqramı ilə kreditlərin silinməsi, Finlandiyada isə müəllimliyə ciddi seçim prosesi tətbiq olunur. Hər yerdə dövlət müəllimləri həm iqtisadi, həm də sosial baxımdan dəstəkləyir. Azərbaycanda isə hələlik bu sahədə konkret proqram yoxdur".
Təhsil eksperti vurğulayıb ki, Elm və Təhsil Nazirliyi problemi sadəcə statistika kimi təqdim etməklə kifayətlənir. Nə hesabat, nə də yol xəritəsi açıqlanıb. Təəssüf ki, bu yanaşma problemin daha da dərinləşməsinə səbəb olur.
Türkan İsgəndərli
tag: Kamran Əsədov,Ekspert,Məktəb,Kişi müəllim,Todaypress.tv,
