Ən çox gəlir gətirən və “ölü” ixtisaslar hansılardır? – EKSPERT AÇIQLADI

Elm və Təhsil

12.08.2025 14:53

"Gələcək illərdə əmək bazarında daha çox tələbat görəcək peşələr texnoloji inkişaf və qlobal iqtisadi tendensiyalar fonunda dəyişəcək".

Təhsil eksperti Rizvan Fikrətoğlu bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, süni intellekt, yaşıl enerji kimi sahələr yaxın onilliklərin ən perspektivli və gəlirli istiqamətləri olacaq:

“İnformasiya texnologiyaları üzrə mütəxəssislər, proqramçılar, kibertəhlükəsizlik ekspertləri, data analitikləri, süni intellekt mühəndisləri qarşıdakı illərdə yüksək maaşlı və sabit iş imkanlarına sahib olacaqlar. Bununla yanaşı, səhiyyə texnologiyaları da sürətlə inkişaf edən sahələrdən olacaq”.

Buna baxmayaraq, ekspert diqqətə çatdırıb ki, avtomatlaşdırma və robot texnologiyalarının geniş tətbiqi bəzi ənənəvi peşələrin əmək bazarındakı rolunu azaldacaq:

“Ənənəvi mətbəə işçiləri, sadə ofis operatorları və oxşar peşələr artıq əvvəlki qədər tələbat görməyəcək. Bu səbəbdən gənclər gələcəyin tələblərinə uyğun ixtisaslara yönəlməli və çevik bacarıqlar qazanmalıdırlar”. 

R.Fikrətoğlunun fikrincə, əmək bazarında rəqabətə davamlı olmaq üçün gənclər yalnız bir sahə üzrə deyil, fərqli bacarıqları birləşdirən “hibrit” ixtisaslara üstünlük verməlidirlər.

Qeyd edək ki, avqustun 11-dən etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə start verilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.

Türkan İsgəndərli

tag: Rizvan Fikrətoğlu,Ekspert,İxtisas,Gəlir,Ölü,Todaypress.tv,

photo