Bu il hansı ixtisaslara üstünlük veriləcək? - AÇIQLAMA

Elm və Təhsil

18.06.2025 16:20

"Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərin sayı hər il artır"

Təhsil eksperti Elmin Nuri bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, bu il daha çox İnformasiya Texnologiyaları (İT) əsaslı ixtisaslara maraq və müraciətin daha çox olacağı gözlənilir.

"Eyni zamanda III ixtisas qrupunun Tarix-Coğrafiya (TC) altqrupuna müraciət edənlərin sayında da ciddi artım müşahidə olunur. Məlum olduğu kimi, bu altqrupu yalnız Coğrafiyadan əlavə imtahan verənlər seçə bilir və bu altqrupa daxil olan ixtisaslar sırasında Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi sahələr var. TC altqrupuna marağın artması həmin ixtisaslara qəbul üçün keçid ballarına da birbaşa təsir edə bilər".

Ekspert əlavə edib ki, bu ildən Qarabağ Universitetində Tibb ixtisasının tədrisinə başlanılması da marağın yönəldiyi sahələrdən biri olacaq. Tibb sahəsi ənənəvi olaraq rəqabətli ixtisaslardan biri olub və Qarabağ Universiteti bu istiqamətdə yeni imkanlar açır.

Elmin Nuri qeyd edib ki, maraqlı məqamlardan biri dizaynerlik ixtisasına olan marağın artmasıdır. Onun sözlərinə görə, V ixtisas qrupuna müraciət edənlər az balla qəbul şansı əldə etmək üçün qabiliyyət tələb etməyən ixtisaslardan olan dizaynerliyi daha çox seçirlər. Bu da həmin sahəyə yönələn müraciətlərin artmasına səbəb olur.

Təhsilçi hesab edir ki, bu il də əsas üstünlük İT əsaslı ixtisaslara veriləcək. Bu sahənin əmək bazarında sürətlə inkişaf etməsi və gələcək perspektivlərinin genişliyi abituriyentlər arasında marağı artırır.

Türkan İsgəndərli

tag: Elmin Nuri,Ekspert,İxtisas,Seçim,Todaypress.tv,

photo