Zelenski hökumətdə kütləvi dəyişikliklərə hazırlaşır: Kimin getməsi gözlənilir?
Dünya
30.06.2025 12:28
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Nazirlər Kabinetində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirə bilər. Buna səbəb vitse-premyer Aleksandr Çernışov ətrafında yaranan reputasiya böhranıdır.
TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” təhlil materialında yazıb.
Məlumata görə, Çernışovun həbsdən yayınması onunla bağlı ictimai qəzəbi sakitləşdirməyib və Prezident Aparatında hesab edilir ki, bu hadisə mərkəzi hakimiyyətin imicinə ciddi zərbə vurub. Çernışovun və onun rəhbərlik etdiyi strukturun taleyinin artıq müəyyənləşdiyi bildirilir.
Kimin getməsi gözlənilir?
Mənbələrə əsasən, istefaya göndərilməsi müzakirə olunan nazirlər bunlardır:
• Oksen Lisovoy (təhsil naziri) – fəaliyyətinin səmərəsizliyi və deputatlardan gələn tənqidlər səbəbindən;
• Oksana Jolnoviç (sosial siyasət naziri) – işinə yönəlik narazılıqlara görə;
• Viktor Lyaşko (səhiyyə naziri) – 4 illik fəaliyyətindən sonra öz istəyi ilə istefa verməyə hazır olduğu deyilir;
• Matvey Bednıy (gənclər və idman naziri) – gələcəyi qeyri-müəyyəndir;
• Nataliya Kalmıkova (veteranlar üzrə nazir) – səmərəsiz hesab edilsə də, əvəzlənməsi üçün real namizəd yoxdur.
Yeni təyinat ehtimalları
Baş nazir Denis Şmıqal vəzifədən gedərsə, onun yerinə əsas namizəd hazırda iqtisadiyyat naziri olan Yuliya Sviridenkodur.
Digər ehtimal olunan dəyişikliklər:
• Aleksey Kuleba (bərpa işləri üzrə vitse-premyer) iqtisadiyyat və ya enerji naziri ola bilər – əgər German Qaluşenkonun vəzifəsi dəyişdirilərsə;
• Roksolana Pidlasa (Ali Radanın büdcə komitəsinin rəhbəri) maliyyə naziri postuna namizəd göstərilsə də, Qərb tərəfdaşları bu dəyişikliyə müsbət yanaşmır;
• Daxili işlər naziri İqor Klimenkonun vitse-premyer postuna keçidi də müzakirə olunur.
Umerovun durumu
Müdafiə naziri Rustem Umerovun vəzifədən uzaqlaşdırılması hələlik gündəmdə deyil. Daha əvvəl onun ABŞ-yə səfir təyin olunması variantı nəzərdən keçirilsə də, bu ideyadan imtina olunub.
Aleksandr Çernışov qalmaqalı
Skandal onun xaricdə səfərdə olduğu dövrdə başlayıb. O, qaçdığı barədə yayılan xəbərləri təkzib edərək 23 iyunda şəxsən NABU-ya (Milli Antikorrupsiya Bürosu) gəldiyini və ona rəsmi şəkildə iri miqyaslı rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının elan olunduğunu açıqlayıb. İttihamlar 2020–2022-ci illərdə icma və ərazilərin inkişafı naziri olduğu dövrə aiddir. O, tikinti sektorundakı korrupsiya sxemində altıncı fiqurant kimi tanınıb.
Qiymət Mahir
tag: Ukrayna,Volodimir Zelenski,Hakimiyyət,Dövlət,Todaypress.tv,