Yaponiyanın Baş naziri istefa verəcək

Dünya

23.07.2025 10:00

Yaponiyanın Baş naziri Şiqeru İşiba iyul ayında istefa verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Baş nazirin bu qərarı onun rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın (LDP) Yuxarı Palata seçkilərində uğursuz çıxışı ilə bağlıdır.

Daha əvvəl "Mainichi" qəzeti yazmışdı ki, İşiba yaxın ətrafına istefa vermək niyyətində olduğunu bildirib və bu barədə qərarını avqustun sonunadək elan edə bilər. "Kyodo" agentliyi isə LDP-nin yüksək vəzifəli nümayəndəsinə istinadla İşibanın istefasını “qaçılmaz” adlandırıb və avqustda yekun qərar veriləcəyini qeyd edib.

Qeyd edək ki, iyulun 20-də keçirilən seçkilərdə hakim koalisiya - LDP və “Komeyto” partiyası - parlamentin Yuxarı Palatasında çoxluğu itirib. Bu, İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyəti sayılır.

Xatırladaq ki, ötən ilin payızında koalisiya Aşağı Palatada da çoxluğu əldən vermişdi. Bütün bunlar İşibanın istefası ilə bağlı çağırışların artmasına səbəb olub.

Töhfə Səməd

tag: Yaponiya,Baş nazir,Şiqeru İşiba ,Liberal Demokratik Partiya,Todaypress.tv,