Yaponiya “IBUKI GW” peykini uğurla orbitə buraxdı
Dünya
30.06.2025 12:34
Yaponiya “IBUKI GW” adlı yeni peykini Yer atmosferindəki istixana qazlarının və su dövranının monitorinqi üçün kosmosa göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Global” məlumat yayıb.
Bildirilib ki, “JAXA” (Yaponiya Aerokosmik Araşdırmalar Agentliyi) tərəfindən hazırlanan peyk Tanegashima kosmik mərkəzindən 29 iyun gecəsi, yerli vaxtla saat 01:33-də (GMT ilə 16:33) orbitə buraxılıb.
Buraxılışdan cəmi 18 dəqiqə sonra peykin Avstraliyadakı Minqenyu stansiyasına göndərdiyi telemetriya məlumatları onun Günəş panellərinin uğurla açıldığını təsdiqləyib. Daha sonra Antarktidada yerləşən “Troll” stansiyasından saat 02:12-də alınan siqnallar da peykin Günəşi izləmə rejiminə keçdiyini və stabil işlədiyini göstərib.
“JAXA” bildirir ki, "Mitsubishi Electric" və digər tərəfdaşlarla birlikdə bu peyk vasitəsilə iqlim dəyişikliyi və onun Yer kürəsi üçün nəticələri barədə həyati əhəmiyyətli məlumatlar toplanacaq.
Qeyd edək ki, “IBUKI GW” peyki iqlim böhranının dərinləşdiyi bir dövrdə, dünya üzrə istixana qazlarının qlobal monitorinqi və su dövranı proseslərinin öyrənilməsi üçün vacib addım hesab olunur.
Xatırladaq ki, qlobal istiləşmə nəticəsində Yer ekosistemlərində ciddi dəyişikliklər gözlənilir. Buzlaqların əriməsi Qara dənizin səviyyəsinin 30–50 sm qalxmasına, Aralıq dənizinə xas növlərin regiona daxil olmasına səbəb ola bilər.
Qeyd edək ki, 2024-cü il Kiyevdə müşahidələr tarixində ən isti il olub – orta illik temperatur +11,4 °C təşkil edib ki, bu da normanı 2,4 °C üstələyir.
Qiymət Mahir
tag: Yaponiya,İstiləşmə,Peyk,Yer,Todaypress.tv,