Ukrayna yeni maliyyə proqramı çərçivəsində raketlər alacaq

Dünya

18.09.2025 11:17

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemləri və “HIMARS” raket sistemləri üçün raketlər alacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü məlumat verib.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kiyevə silah yardımı paketlərinə ilk dəfə olaraq sentyabrın 16-sı razılıq verib.

Zelenskinin sözlərinə görə, Ukrayna indiyə qədər ABŞ istehsalı olan silahlar üçün NATO-nun rəhbərlik etdiyi "Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı" (PURL) mexanizmi vasitəsilə 2 milyard dollardan çox maliyyə təmin edib. O, bu məbləğin oktyabr ayında 3,5 milyard dollara çatacağını gözlədiyini bildirib.

NATO müttəfiqləri ümumilikdə Ukraynaya 10 milyard dollar dəyərində silah təqdim etməyi planlaşdırırlar.

Ukrayna lideri bildirib ki, hər biri 500 milyon dollar dəyərində olan ilk iki paketi “Patriot” və “HIMARS” raketləri əhatə edəcək. Bu açıqlamanı o, Avropa Parlamenti Prezidenti Roberta Metsola ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında verib.

NATO-nun Ukraynadakı Baş nümayəndəsi vurğulayıb ki, PURL mexanizmi çərçivəsində maliyyələşdirilən 4 paket artıq yoldadır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, uzun müddətdir, Ukraynaya hərbi yardım üçün xərclənən milyardlarla dolları tənqid edir. PURL təşəbbüsü Avropaya silahların pulunu ödəməyə, ABŞ-yə isə həmin silahları göndərməyə imkan yaradır.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin siyasət üzrə müavini Elbric Kolbi bu yeni mexanizm çərçivəsində iki 500 milyon dollarlıq göndərişi təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,Raket,Maliyyə,Proqram,Todaypress.tv,