Türkiyədə meşə yanğınları ilə bağlı 17 nəfər saxlanıldı
Dünya
29.06.2025 14:00
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı 17 nəfərin saxlanıldığını bildirib.
TodayPress TV xəbər verir ki, 26-28 iyun tarixlərində baş vermiş yanğınlarla əlaqədar prokurorluqlar tərəfindən geniş araşdırmalar aparılır.
Nazir qeyd edib ki, Biləcik vilayətindəki islah müəssisəsindən təhlükəsizlik məqsədilə 1081 məhbus qonşu əyalətlərdəki digər həbsxanalara köçürülüb və bu barədə ailələrinə məlumat verilib. Hazırda digər həbsxanalarda təhlükə yoxdur.
Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə bildirib ki, son iki gün ərzində ölkədə 150 meşə yanğını qeydə alınıb, onlardan 83-ü şənbə günü baş verib. Yanğınlar əsasən Türkiyənin qərbi və şimal-qərbindəki meşə və əkinçilik ərazilərində baş verib.
Dörd sahədə söndürmə işləri gecə boyunca davam etsə də, bütün yanğınlar artıq nəzarət altına alınıb və ya tamamilə söndürülüb.
Türkan İsgəndərli
tag: Türkiyə,Meşə,Yanğın,Məhbus,Todaypress.tv,