Turizmin artması və elmi layihələr Antarktidanı çirkləndirir
Dünya
21.08.2025 18:30
Beynəlxalq tədqiqatçılar qrupu Antarktidada artan turist axınının və genişlənən elmi layihələrin ətraf mühiti daha çox çirkləndirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Nature Sustainability" jurnalı məlumat verib.
Tədqiqata görə, insanların fəaliyyət göstərdiyi ərazilərdə ağır metalları ehtiva edən toz və kiçik hissəciklərin miqdarı son 40 ildə 10 dəfə artıb.
Bu dəyişiklik eyni zamanda turist sayının son 20 ildə 20 mindən 120 minə qədər artması fonunda baş verib.
Beynəlxalq Antarktida Turizm Operatorları Assosiasiyası bildirib ki, Antarktidada insanların artan mövcudluğu, xüsusilə fosil yanacaqların yanmasından yaranan çirklənmə baxımından ciddi narahatlıq doğurur.
Tədqiqatçılar açıqlayıb ki, bölgəyə gələn gəmilər, təyyarələr və quru nəqliyyat vasitələri çirkli fosil yanacaqları ilə işləyir. Bu yanacaq növlərinin yanması nəticəsində atmosferə nikel, mis, sink və qurğuşun kimi zərərli maddələr yayılır. Turistlərin daha çox getdiyi bölgələrdə qar bu çirklənmə səbəbindən daha sürətlə əriməyə başlayıb. Təkcə bir turistin fəaliyyəti 100 ton qarın əriməsinə səbəb ola bilər.
Bundan əlavə, ağır metalların səviyyəsi təkcə turizmə görə deyil, həm də uzunmüddətli elmi ekspedisiyalar nəticəsində də yüksəlib. Belə ki, bir elmi tədqiqat qrupu ətraf mühitə bir turistlə müqayisədə 10 qat artıq təsir göstərə bilər.
Tədqiqatda Antarktidanın qorunması istiqamətində mühüm addımların atıldığı qeyd olunub. Məsələn, bölgədə çirkləndirici ağır yanacaqların istifadəsi qadağan edilib və turizm sənayesi elektrik-hibrid gəmilərə keçidə başlayıb.
Bununla belə, tədqiqatçılar xəbərdarlıq edir ki, hazırkı tədbirlər yetərli deyil:
“Nəticələrimiz göstərir ki, insan fəaliyyətinin mənfi təsirlərini azaltmaq üçün daha ciddi addımlar atılmalıdır”, – deyə alimlər yazır.
Onlar bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsini və fosil yanacaqlardan istifadənin azaldılmasını tövsiyə edirlər.
Töhfə Səməd
tag: Antarktida,Turizm,Layihə,Çirklənmə,Todaypress.tv,