Tramp Yaponiya ilə razılaşdı: “Tarixin ən böyük razılaşması”
Dünya
23.07.2025 10:11
ABŞ Prezidenti Donald Tramp Yaponiyayla əldə edilən yeni iqtisadi razılaşmanı indiyədək bağlanmış ən böyük müqavilə kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, Yaponiyanın onun göstərişi ilə ABŞ-yə 550 milyard dollar həcmində investisiya yatıracağı nəzərdə tutulur və əldə olunacaq gəlirin 90%-i ABŞ-nin payına düşəcək.
“Bu müqavilə yüz minlərlə yeni iş yeri yaradacaq. Daha əvvəl belə bir şey baş verməyib”, - deyə o vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, Yaponiyanın ABŞ-yə avtomobil və pikaplar, düyü və digər kənd təsərrüfatı məhsulları da daxil olmaqla ticarəti açacağı gözlənilir.
Tramp həmçinin bildirib ki, Yaponiya ABŞ-yə 15%-lik qarşılıqlı gömrük vergisi ödəyəcək. O, bunun xüsusilə ABŞ üçün həyəcanverici bir dövr olduğunu qeyd edərək, iki ölkə arasında münasibətlərin həmişə güclü qalacağına inandığını bildirib.
Ağ Evdəki çıxışında Tramp bu razılaşmanın mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində də birgə əməkdaşlığı əhatə edəcəyini açıqlayıb. O əlavə edib ki, Avropa və digər ticarət tərəfdaşları ilə də danışıqlar aparılacaq.
Xatırladaq ki, Tramp aprelin 2-də ABŞ-nin bir sıra ölkələrə qarşı qarşılıqlı tarif qərarlarını açıqlamış və Yaponiyaya 24%-lik tarif tətbiq olunacağını bildirmişdi. Bu ay Yaponiyaya göndərdiyi rəsmi məktubda isə avqustun 1-dən etibarən sektorial tariflərdən əlavə olaraq 25%-lik əlavə gömrük vergisinin qüvvəyə minəcəyi qeyd olunmuşdu.
Tramp həmin məktubda tariflərə düzəliş edilə biləcəyini də istisna etməmiş, bu qərarların Yaponiya ilə münasibətlərin səviyyəsindən asılı olaraq artırıla və ya azaldıla biləcəyini qeyd etmişdi.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Yaponiya,İqtisadiyyat,Razılaşma,Todaypress.tv,