Tramp: "Harvard ilə mübahisədə razılıq əldə oluna bilər"
Dünya
21.06.2025 10:13
ABŞ Prezidenti Donald Tramp Harvard Universiteti ilə yaşanan mübahisəyə gələn həftə razılaşma ilə son qoyulacağına ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib.
Tramp bildirib ki, Harvard danışıqlar müddətində məsuliyyətli mövqe sərgiləyib və universitet düzgün qərarlar qəbul etmək niyyətindədir.
Qeyd edək ki, cari il ərzində Tramp administrasiyası Harvard Universiteti ilə bir neçə məsələdə fikir ayrılığı yaşayıb.
Ağ Ev rəhbərliyi ali məktəbin tədris metodlarını dəyişməsini, müxtəliflik proqramlarını ləğv etməsini və tələbə qəbulu meyarlarını yenidən nəzərdən keçirməsini tələb edib. Eyni zamanda, universitetin maliyyələşdirilməsi də dayandırılıb.
İyunun 20-də federal hakim Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu məhdudlaşdırmaq cəhdlərini müvəqqəti olaraq dayandıran qərar çıxarıb.
Hakim ötən ay verilmiş müvəqqəti qadağanın qüvvədə saxlanıldığını elan edib.
İyunun əvvəlində isə Tramp administrasiyası Harvard Universitetinin yeni xarici tələbələri üçün vizaların verilməsini də məhdudlaşdıracağını açıqlamışdı. Sözügedən qərar məhkəmə tərəfindən dərhal dayandırılmışdı.
Hazırda Harvard Universitetində 6 800 nəfər xarici tələbə təhsil alır ki, bu da tələbələrin təxminən 25 faizini təşkil edir.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Harvard Universiteti,todaypress.tv,