Tramp 9 milyardlıq büdcə ixtisarı paketini imzaladı
Dünya
25.07.2025 10:38
ABŞ Prezidenti Donald Tramp, ictimai və xarici yardımlar sahəsində ciddi ixtisarları nəzərdə tutan qanun layihəsini imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Qanun layihəsi Konqresdə təsdiqləndikdən sonra prezidentin imzasına təqdim edilib.
Yeni qanuna əsasən, ABŞ-nin xarici yardımlarına 8 milyard dollar, ictimai yayım və digər dəstək proqramlarına isə təxminən 1,1 milyard dollar həcmində ixtisar nəzərdə tutulur.
Beləliklə, Trampın imzasından sonra ümumi məbləği 9,1 milyard dollar olan federal ixtisar paketi rəsmiləşmiş olub.
Müxalif Demokratlar bu addımı tənqid edərək bildirirlər ki, bu cür kəskin ixtisarlar ABŞ-nin beynəlxalq nüfuzunu zəiflədə və yaranan boşluğu Çin doldura bilər. Onlar hesab edirlər ki, xarici yardımlarda kəskin azalmalar qlobal miqyasda humanitar fəlakətlərə yol aça bilər.
Qeyd edək ki, Tramp administrasiyası may ayında ictimai yayım qurumları olan "NPR" və "PBS"in "qərəzli" fəaliyyət göstərdiyini əsas gətirərək bu media orqanlarına dövlət maliyyəsinin dayandırılması ilə bağlı sərəncam imzalamışdı.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,İctimai yayım,İxtisar,Todaypress.tv,